Nüfuzlu beynəlxalq maliyyə və texnologiya mediasında maraqlı bir məqalə dərc olundu. “The Fintech Times” platformasında yayımlanan və Richie Santosdiaz tərəfindən qələmə alınan “The Caucasus: Azerbaijan’s Fintech and Digital Ecosystem in 2026” (“Cənubi Qafqaz: Azərbaycanın 2026-cı ildə fintech və rəqəmsal ekosistemi”) adlı yazı Azərbaycanın rəqəmsal transformasiyasına diqqət çəkir.
Cənubi Qafqazda baş verənlər artıq təkcə siyasət və təhlükəsizlik məsələsi deyil. Regionda yeni bir oyun qurulur və bu oyunun əsas alətlərindən biri də fintech-dir. Azərbaycan isə bu dəyişimin mərkəzinə doğru hərəkət edir.
Uzun illər ölkənin iqtisadi modeli enerji resurslarına əsaslanırdı. Bu gün isə paralel olaraq yeni bir istiqamət formalaşır — rəqəmsal maliyyə sistemi. Açıq bankçılıq təşəbbüsləri, ani ödəniş infrastrukturu və rəqəmsal xidmətlərin genişlənməsi göstərir ki, bu transformasiya artıq geri dönməz mərhələyə keçib.
Amma əsas məsələ təkcə texnologiya deyil. Əsas məsələ zamanlamadır.
Rusiya və İranın Qərblə qarşıdurması regionda uzun illər mövcud olan balansı sarsıdır. Bu iki ölkə onilliklər boyu regionda alternativ iqtisadi və siyasi inteqrasiya modellərinin qarşısını alan əsas güclər olub. Bu gün isə onların diqqəti və resursları başqa istiqamətlərə yönəlib. Bu isə real bir geosiyasi boşluq yaradır.
Geosiyasətdə boşluq isə heç vaxt boş qalmır. Məhz bu məqamda Azərbaycan və Türkiyə xətti ön plana çıxır. Orta Dəhliz artıq sadəcə nəqliyyat layihəsi deyil. Bu, Avropa ilə Asiyanı birləşdirən yeni iqtisadi və maliyyə sisteminin onurğa sütununa çevrilir.
Bu sistemin işləməsi üçün isə təkcə yollar və limanlar kifayət deyil. Ona paralel olaraq rəqəmsal maliyyə infrastrukturu qurulmalıdır. Fintech məhz burada strateji alətə çevrilir.
Sərhədlərarası ödənişlər, rəqəmsal bankçılıq, ani maliyyə əməliyyatları və inteqrasiya olunmuş platformalar yeni iqtisadi əlaqələrin əsasını təşkil edir. Bu baxımdan fintech artıq ayrıca sektor deyil — bu, yeni geosiyasi iqtisadiyyatın infrastrukturu kimi çıxış edir.
Azərbaycanın fintech ekosistemi hələ kiçikdir. Lakin onun əsas üstünlüyü sürət və koordinasiyadadır. Dövlət, bank sektoru və texnoloji şirkətlər arasında qurulan əlaqəli model daha çevik qərar qəbul etməyə və sürətli adaptasiyaya imkan verir.
Bu isə vacibdir. Çünki hazırkı mərhələ uzun sürməyəcək.
Regionda yaranan imkan pəncərəsi qısamüddətlidir. Əgər Azərbaycan bu dövrdə öz rəqəmsal və maliyyə infrastrukturunu gücləndirə bilsə, o zaman təkcə regional iştirakçı deyil, yeni sistemin qurucularından birinə çevrilə bilər. Əks halda isə bu prosesdə passiv rol almaq riski qalır. Reallıq sadədir. Zəiflər mövcud sistemin içində sıxılır, güclülər isə sistemi dəyişir.
Bu gün Azərbaycan qarşısında duran seçim də bundan ibarətdir. Ya dəyişən geosiyasi reallıqdan istifadə edib öz mövqelərini gücləndirmək, ya da başqalarının qurduğu qaydalara uyğunlaşmaq.
Fintech bu seçimdə texniki detal deyil. Bu, strateji alətdir. Və bu alətdən necə istifadə olunacağı Azərbaycanın gələcək iqtisadi və geosiyasi rolunu müəyyən edəcək.
Elbəyi Həsənli. Sürix
The Caucasus: Azerbaijan’s Fintech and Digital Ecosystem in 2026 | The Fintech Times
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта