Bakı, 26 mart, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar tərəfindən respublikanın müxtəlif bölgələrində uşaqlar üçün bayram şənlikləri keçirilib, azyaşlılara unudulmaz anlar bəxş olunub.
AZƏRTAC xəbər verir ki, bayram proqramlarında şəhid övladlarının iştirakı xüsusi diqqətdə saxlanılıb. Eyni zamanda uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum uşaqlarla görüşlər keçirilib, onlarla bayram sevinci bölüşülüb.
Novruzun sevilən personajları - Kosa, Keçəl və Bahar qızının maraqlı çıxışları, şən zarafatları və uşaqlarla birgə rəqsləri tədbirlərə fərqli ab-hava qataraq balacaların sevincini artırıb.
Bayram günlərində həmçinin AHİK-in sağlamlıq və istirahət mərkəzlərində də Novruz şənlikləri təşkil olunub, tonqallar qalanıb, müxtəlif əyləncəli proqramlar təqdim edilib.
Qeyd edək ki, bu il Novruz bayramının yenilənmə ruhu ilə Ramazan ayının mənəvi kamillik çağırışı eyni günlərə təsadüf edib. AHİK, qurumun üzv və tabe təşkilatları tərəfindən Ramazan ayı boyunca ittifaq üzvləri və şəhid ailələrinin iştirakı ilə iftar süfrələri təşkil olunub. İftar süfrələri ətrafında bir araya gələn həmkarlar ittifaqı üzvləri müqəddəs ayın mənəvi dəyərlərini bölüşərək ölkəmizə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıblar.