RU

Kiçik sahibkarlığa böyük dəstək

Saatlı, 26 mart, AZƏRTAC

Özünüməşğulluq proqramı Saatlı rayonunda da uğurla həyata keçirilir. Proqram iştirakçılarından biri də Elçin Əliməmmədovdur.

Uzun illərdir plastik qapı və pəncərə sahəsində çalışan Elçin Əliməmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, öz təsərrüfatını inkişaf etdirmək məqsədilə proqrama müraciət edib. Təlim kurslarını uğurla başa vurduqdan və imtahanlardan keçdikdən sonra o, proqramın iştirakçısı olub.

Onun sözlərinə görə, prosedurlar tamamlandıqdan sonra dövlət tərəfindən müasir avadanlıqlarla təmin edilib. Ona plastik materialları kəsən, yapışdıran və ölçü verən avadanlıqlar təqdim olunub. Eyni zamanda, kompressor və digər zəruri alətlər də verilib.

“Artıq 20 ildir bu sahədə çalışıram. Son vaxtlar avadanlıqlarım köhnəldiyi və müasir olmadığı üçün işlərimdə ləngimə yaranırdı. Lakin dövlət dəstəyi ilə əldə etdiyim yeni avadanlıqlar tam müasirdir. Bu avadanlıqlar həm iş keyfiyyətini artırır, həm də vaxta qənaət etməklə işlərimi sürətləndirir”, - deyə o bildirib.

Elçin Əliməmmədov əlavə edib ki, yeni avadanlıqlar hesabına iş prosesini daha səmərəli qura bilib: “Əvvəllər bəzi işləri çətinliklə və məhdud imkanlarla görürdümsə, indi sifarişləri daha operativ və keyfiyyətli şəkildə yerinə yetirirəm. Bu da müştəri sayının artmasına səbəb olub”.

Qeyd edək ki, özünüməşğulluq proqramı əhalinin məşğulluğunun artırılmasına, kiçik sahibkarlığın inkişafına və aztəminatlı ailələrin rifahının yaxşılaşdırılmasına xidmət edir.

Müxbir - Aydın Yavərzadə

Избранный
17
azertag.az

1Источники