RU

Enerji Saxlanc Mərkəzinin yaradılması zamanın tələbidir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 26 mart, AZƏRTAC

Azərbaycanda neft və təbii qaz hasilatı ilə yanaşı, alternativ enerji istehsalına da xüsusi diqqət yetirilir. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardan biri də ölkənin coğrafi və iqlim şəraitindən səmərəli istifadə etməkdir.

AZƏRTAC xəbər verir ki, bu gün dünyada enerjiyə olan tələbat artmaqdadır və Azərbaycan yaşıl enerji istehsalını artırıb ixrac etməyi planlaşdırır. Azərbaycan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsində iştirak edir və bu layihədə həm də tranzit funksiyasını yerinə yetirir. Enerji tranziti üçün isə enerji saxlanc mərkəzləri zəruri infrastrukturdur.

Bu baxımdan, 500 kV-luq “Abşeron” və bundan əvvəl 220 kV-luq “Ağdaş” yarımstansiyası ərazisində saxlanc mərkəzlərinin yaradılması təsadüfi xarakter daşımır. Bu mərkəzlər gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsidir.

Məsələyə bir qədər ətraflı yanaşsaq bu mərkəzlərin əhəmiyyətini aydın şəkildə göstərə bilərik.

Azərbaycan iştirak etdiyi “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsində Mərkəzi Asiya respublikaları da yer alıb. Enerji keçidini həyata keçirən bu respublikalar da istehsal etdikləri elektrik enerjisini Azərbaycan ərazisindən Avropaya ixrac etmək niyyətindədirlər. Layihə üzrə Avropa, Mərkəzi Asiya və Azərbaycan mütəxəssisləri birlikdə çalışır. Energetika Nazirliyinin məlumatına görə, layihə üzrə bazar, ötürmə və marşrut analizləri, eləcə də maliyyə modelləşdirilməsi daxil olmaqla texniki-iqtisadi əsaslandırmanın qalan mərhələsi yekunlaşmaq üzrədir. Sonrakı mərhələdə Xəzər və Qara dənizlərin dibi ilə çəkiləcək kabellə Avropaya enerji ixrac ediləcək.

Mərkəzi Asiya və Azərbaycanın elektrik enerjisi istehsalı potensialına nəzər yetirək:

Qazaxıstan 2030-cu ilədək ümumi enerji istehsal gücünü 26 QVt-a qədər artırmağı hədəfləyir və bunun 30-35 faizinin isə bərpaolunan enerji mənbələrinin payına düşəcək. (Qazaxıstanın Energetika Nazirliyi)

Özbəkistan Energetika Nazirliyinin məlumatına əsasən bu ölkə 2030-cu ilə qədər 20 QVt-dan çox bərpaolunan enerji potensialı yaratmağı və enerji balansında payını 40 faizə çatdırmağı planlaşdırır. Bu istiqamətdə ölkədə 28 layihə üzrə işlər davam etdirilir.

Azərbaycanın Energetika Nazirliyinin məlumatına əsasən isə ölkəmizdə yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. 2027-ci ilədək ümumi gücü 2 giqavatdan çox olan yaşıl enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. Bu layihələr arasında yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən külək və günəş stansiyaları xüsusi əhəmiyyət daşıyır.

Göründüyü kimi, hər 3 ölkənin olduqca böyük alternativ enerji istehsalı potensialı var və bu enerjinin ixracı üçün “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi həyata keçirilir.

Bu qədər elektrik enerjisinin Azərbaycan üzərindən Avropaya ixracı üçün geniş infrastruktura ehtiyac var və bunu nəzərə alan Azərbaycan dövləti enerji saxlanc mərkəzləri yaradır ki, fövqəladə vəziyyətlərdə daxili tələbatda və tranzitdə çətinliklər baş verməsin.

Enerji saxlanc mərkəzləri, xüsusilə bərpaolunan enerji mənbələrinin (külək, günəş) fasiləsizliyini təmin etmək, şəbəkə sabitliyini qorumaq və pik yükləri qarşılamaq üçün kritik əhəmiyyətə malikdir. Bu sistemlər artıq enerjini toplayıb ehtiyac anında istifadə etməklə enerji sisteminin dayanıqlığını artırır, qəza risklərini azaldır və yaşıl enerjiyə keçidi sürətləndirir.

Saxlanc mərkəzi günəş və külək stansiyalarının istehsal etdiyi enerjinin dəyişkənliyini hamarlayır, şəbəkədə gərginlik və tezlik sabitliyini təmin edir. Enerji istehlakının yüksək olduğu saatlarda (pik saatlar) yığılmış enerjini şəbəkəyə verərək çatışmazlığı kompensasiya edir.

İqtisadi əhəmiyyəti isə ondan ibarətdir ki, enerji müstəqilliyini möhkəmləndirir, enerji istehsalı və istehlakı arasında balans yaradaraq daha səmərəli enerji idarəetməsini təmin edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
azertag.az

1Источники