RU

Azərbaycanda Elm Günü: Dövlətin elmi siyasətinin prioritetləri

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 26 mart, AZƏRTAC

Müasir qloballaşan dünyada ölkələrin tərəqqi səviyyəsi əsasən elmin, təhsilin və intellektual potensialın gücü ilə müəyyən edilir. Bu baxımdan Azərbaycanda elm və təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edilir. Azərbaycan alimlərinin fəaliyyətinə verilən yüksək dəyərin və elmi fəaliyyətə göstərilən dövlət qayğısının mühüm göstəricilərindən biri də hər il martın 27-nin Elm Günü kimi qeyd olunmasıdır.

Azərbaycanda Elm Gününün təsis edilməsi ilə bağlı qərar, ölkədə elmin inkişafına verilən yüksək qiyməti əks etdirən mühüm addım olaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb. Bu Sərəncam, dövlətin alimlərin fəaliyyətinə göstərdiyi diqqətin və intellektual potensialın inkişafına yönəlmiş siyasətin bariz ifadəsidir. Elm Gününün təsis olunması yalnız rəmzi xarakter daşımır, həm də Azərbaycanda elmi mühitin gücləndirilməsi, alimlərin cəmiyyətdə nüfuzunun artırılması və gənc nəslin elmə marağının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva deyib.

O bildirib ki, son illərdə ölkədə ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni elmi-tədqiqat mərkəzlərinin yaradılması, gənc alimlərin dəstəklənməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət başçısının təşəbbüsü ilə elm və təhsil sahəsində bir sıra dövlət proqramları qəbul edilib, innovativ texnologiyaların tətbiqi və elmi tədqiqatların inkişafı üçün geniş imkanlar yaradılıb.

“Alimlərin sosial rifahının yaxşılaşdırılması, onların əməkhaqlarının artırılması və gənc tədqiqatçıların dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər elmi fəaliyyət üçün əlverişli mühitin formalaşmasına mühüm təsir göstərib. Bu siyasət nəticəsində Azərbaycanda elmi fəaliyyətin nüfuzu daha da artıb.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş təhsilin inkişafına dair dövlət strategiyas, ölkənin davamlı tərəqqisini və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini təmin etmək məqsədilə, innovativ düşüncə tərzinə malik, yüksək ixtisaslı kadrların yetişdirilməsini və elmi tədqiqatların keyfiyyətinin davamlı olaraq artırılmasını əsas hədəflərdən biri kimi müəyyən edir.

Dövlət başçısının təşəbbüsü ilə həmçinin gənc alimlər üçün dövlət qrantları artırılıb, beynəlxalq konfranslarda iştirak imkanları genişlənib, doktorantların xarici ölkələrdə təhsil almasına şərait yaradılıb, “Gənc alimlər üçün xüsusi dövlət mükafatı” təsis edilib, Yüksək Texnologiyalar Parkı, İnnovasiya Agentliyi, “ASAN İnnovasiyalar” mərkəzi, Startap ekosistemini dəstəkləyən fondlar yaradılıb”,-deyə Aynel Məşədiyeva söyləyib.

Onun sözlərinə görə, əslində, elmin inkişafı təkcə texnoloji laboratoriyalarda aparılan tədqiqatlarla məhdudlaşmır. Elmi proses geniş mənada cəmiyyətin mədəni, tarixi və intellektual yaddaşını formalaşdıran humanitar sahələri də əhatə edir. Bu baxımdan dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və arxivşünaslıq kimi fundamental humanitar istiqamətlər də dövlət qayğısından ardıcıl şəkildə bəhrələnir. Prezident İlham Əliyevin imzaladığı sərəncam və qərarlar nəticəsində bu sahələrin təşkilati və struktur bazası möhkəmləndirilib, elmi tədqiqatların keyfiyyəti yüksəldilib və humanitar elmlərin inkişafına göstərilən dəstək daha da gücləndirilib.

Prezident İlham Əliyevin apardığı xarici siyasətin elmi əməkdaşlıq sahəsində də öz əksini tapdığını vurğulayan alim bildirib ki, hazırda Azərbaycan alimləri beynəlxalq konsorsiumlara qoşulur, UNESCO, ISESCO, TURKSOY, TÜRKPA kimi qurumlarla elmi layihələr genişlənir, xarici universitetlərlə ikili diplom proqramları və ortaq laboratoriyalar yaradılır. Bu, Azərbaycan elminin qlobal elmi proseslərə inteqrasiyasını sürətləndirir.

Filologiya elmləri doktoru Aynel Məşədiyeva qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə kompleks elmi tədqiqatların aparılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilir. Bu fəaliyyətə arxeoloji tədqiqatlar, ekologiya və biomüxtəliflik üzrə elmi layihələr, tarix və mədəni irsin öyrənilməsi, eləcə də “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının tətbiqi daxildir. Bu tədqiqatlar yalnız dünya elmində müasir elmi tendensiyalara uyğun yeni biliklərin formalaşmasına töhfə vermir, həm də Azərbaycan alimlərinin araşdırma imkanlarını genişləndirir, elmi məktəblərin inkişafına əlavə stimul verir və ölkənin akademik potensialının beynəlxalq elmi məkanda daha da güclənməsinə zəmin yaradır.

“Bu gün Azərbaycanda elm sahəsində aparılan tədqiqatlar müxtəlif istiqamətləri əhatə edir. Humanitar və ictimai elmlərlə yanaşı, texniki və təbiət elmləri sahəsində də mühüm elmi nəticələr əldə olunur. Azərbaycan alimləri beynəlxalq elmi layihələrdə iştirak edir, dünya elmi mərkəzləri ilə əməkdaşlıq edir və qlobal elmi proseslərə töhfə verirlər.

Dövlət tərəfindən elm və təhsil sahəsinə göstərilən davamlı diqqət Azərbaycan elminin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə elm və təhsil sahəsi dinamik inkişaf edir, innovasiya istiqamətində yeni imkanlar formalaşır.

Hər il Azərbaycan Respublikasında Elm Gününün qeyd olunması yalnız alimlərin fədakar əməyinə verilən yüksək qiymətin ifadəsi olmaqla qalmır, eyni zamanda ölkəmizin intellektual gələcəyinə olan güclü inamın və dövlətin elmin inkişafına yönəlmiş strateji siyasətinin parlaq təzahürüdür”,-deyə AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
1
azertag.az

2Источники