RU

Tələbə yoldaşlarım arasında həlak olanlar, yaralananlar var- deputat Suriyaya getmək istəyir

Milli Məclisin üzvü Deputat Ceyhun Məmmədov Musavat.com-un əməkdaşı ilə söhbətində deyib ki, o, ilk fürsətdəcə Suriyaya səfər edib, vaxtilə təhsil aldığı ali məktəbi ziyarət etmək istəyir. Xatırladaq ki, 1991–1994-cü illərdə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil alan deputat 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnib.

- Ceyhun bəy, Suriyanın paytaxtı Dəməşqdəki Əbu-Nur Universitetinin İslama dəvət fakültəsində təhsil almısınız. Həmin dönəmi necə xatırlayırsınız?  

- Bizim çox yaxşı və maraqlı bir təhsil kompleksimiz var idi. Çoxsaylı tələbələr təhsil alırdı. Rusiyanın demək olar ki, bütün bölgələrindən, Orta Asiyadan, Türkiyədən çoxlu tələbə yoldaşlarımız var idi. O, beynəlxalq məktəb olduğundan hər yerdən tələbələr axışıb gəlirdilər. 3 il liseydə, daha sonra  universitetdə təhsil almışam. Çox maraqlı bir dövr idi. Mən ora gedəndə hələ sovet hökuməti dağılmamışdı. Sovetlərin dağılhadağıl vaxtında biz təhsil almağa getdik. O vaxt ümumiyyətlə, xaricə getmək ciddi bir problem idi. Biz ilk gedənlərdən olduq. Maraqlı və təhsil, region öyrənmək, kəşf etmək baxımından faydalı, çox yaxşı oldu.


- Maraqlıdır, vaxtilə təhsil aldığınız Suriyaya getmək istərdinizmi? İkinci təhsilinizi aldığınız Livandan fərqli olaraq, Suriyada vəziyyət nisbətə sabitləşməkdədir…

- Suriyaya getmək istərdim. Çünki orada uzun müddət yaşamışam. Mən həmişə deyirəm ki, biz öz ölkəmizdə olan sabitliyin, təhlükəsizliyin və qələbəmizin dəyərini bilməliyik. Çünki düzgün siyasət olmasaydı, Azərbaycan çox ağır vəziyyətə düşə bilərdi. 90-cı illərin əvvəllərində Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Amma bu gün biz sabit və güclü dövlətik. Bu səbəbdən bu nemətlərin qədrini bilməliyik. 

- Ceyhun bəy, hazırda Suriyada tanıdığınız insanlar varmı? Tələbə yoldaşlarınızdan kimsə həlak olubmu?

- Təbii, tanıdığım insanlar var. Tələbə yoldaşları arasında həlak olanlar, yaralananlar da var. Arada mənə yazırlar. Çoxlarının evləri dağıdılıb. Hazırda vəziyyət çox pisdir, yaşayış şəraitləri ağırdır. Müharibə ailələrin taleyini alt-üst edir. Təsəvvür edin ki, İranda müharibə bitəndən sonra dağılan evləri, məktəbləri bərpa etmək üçün nə qədər vaxt və zəhmət tələb edəcək. Vəziyyətləri çox ağırdır. Müharibə bitəndən sonra da insanların evlərini, məktəblərini və şəhərləri bərpa etmək çox uzun vaxt aparır.

- Azərbaycan Suriyaya humanitar yardım göndərən ölkələrdən oldu. Üstəlik, Suriya Azərbaycan qazı ilə isinir.

- Bu da Azərbaycanın humanist siyasətinin göstəricisidir. Suriyanın bu gün Azərbaycan qazı ilə isinməsi böyük hadisədir. Biz bu siyasəti çox yüksək qiymətləndiririk. Azərbaycanın siyasətində humanist dəyərlər ön sıradadır. Cənab Prezidentin Suriyaya əl uzatması unudulmayacaq. Həmçinin İrana ilk humanitar yardımı məhz Azərbaycan etdi. Özü də bu, kifayət qədər riskli məsələ idi. Azərbaycandan sonra Rusiya humanitra yardım yolladı. Digər dövlətlər də nə isə etməyə çalışırlar. Bu da bizim insanpərvər siyasətimizin göstəricisidir.

- Milli Məclisdə ərəb dilini bilən həmkarlarınız varmı?

- Var. Amma dil belədir ki, gərək həmin ölkədə müəyyən müddət yaşayasan, işləyəsən. Burada oxuyub, ərəb dilini öyrənmək asan deyil. Xarici təcrübə çox önəmli, çox vacibdir.

- Yaxın Şərqdə baş verənlər haqqında nə deyə bilərsiniz?

- Yaxın Şərqdə vəziyyəti yaxşı bilmək üçün ərəb ölkələrini hərtərəfli öyrənmək, təhlil etmək lazımdır. Məsələn, mən indi yaxşı müqayisə apara bilərəm ki, bizimlə onlar arasında hansı fərqlər var, bizim üstünlüklərimiz nələrdən ibarətdir? Biz nə etməliyik ki, eyni müharibə ilə üzləşməyək, eyni problemləri yaşamayaq? Bunlar çox vacib məsələlərdir.

 

Elşad Paşasoy,
Musavat.com

 

Избранный
19
2
musavat.com

3Источники