RU

"Azlıqda qalsaq da, qalmasaq da..." - Emin arxayınlaşmağa səbəb görmür

1-ci Liqanın lideri "Şəfa"nın uğurlarında böyük pay sahibi olan futbolçulardan biri də Emin Zamanovdur. Hesabında 8 qol olan hücumameyilli yarımmüdafiəçi son turda prinsipial rəqibi statusu daşıyan "Şahdağ Qusar"ın evə əliboş göndərilməsinə kifayət edən yeganə qolun da müəllifi oldu. Eminlə əlaqə saxlayıb ona bir neçə sual ünvanladıq.

Onun Fanat.Az-ın əməkdaşı ilə dialoqu belə alındı:

- "Şəfa" qısa intervalla prinsipial rəqibi "Şahdağ Qusar"ı iki dəfə məğlub etdi. 17-ci turda 2:1, 19-cu turda isə 1:0 hesabı ilə qalib gəldiniz. Son qarşılaşmada 26-cı dəqiqədən azlıqda mübarizə aparsanız da, sənin vurduğun qol oyunda yeganə oldu...
- Bəli, "Şahdağ Qusar"la oyunlarımız İkinci Liqadan prinsipial alınır. Çox əzmkar komandadır. 17-ci turda bizimlə qarşılaşana qədər ardıcıl qələbələr qazanmışdılar. Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. Belə də oldu. Şükür ki, bu imtahandan üzüağ çıxdıq. Qolu mənim və ya başqasının vurmasının önəmi yoxdur. Hədəfimizə doğru birlikdə gediriksə, burada adlardan yox, komanda şəklində apardığımız mübarizədən danışmalıyıq. İkinci qarşılaşmada təxminən 70 dəqiqə azlıqda oynadıq. Komandamız möhtəşəm xarakter göstərdi.

- "Şəfa" azlıqda qalandan sonra rəqibin daha çox hücum etdiyi sezilirdi. Həmin vaxt hesabı qorumaq barədə düşünürdünüz?
- Azlıqda qalsaq da, qalmasaq da həmişə qələbəyə inanırıq. İnam olmasa, bunu həyata keçirmək mümkün olmaz. Hamımız qələbə qazana biləcəyimizə inanırdıq.

- Artıq ən yaxın təqibçiniz "Baku Sportinq"lə aranızda 8 xallıq fərq yaranıb. Fərqin artması sizdə müəyyən arxayınçılıq yaratmır?
- Xeyr, yaratmır. Əksinə, hər oyuna daha ciddi yanaşmalıyıq. Çünki qarşıda 8 çətin oyunumuz var və reallıq budur ki, hələ heç nə əldə etməmişik. 

- Qarşıdakı turlarda üst pillələrdəki rəqiblərlə üz-üzə gələcəksiniz. Sizi öncə "Mingəçevir"lə səfər matçı, ardından "Səbail" və "Baku Sportinq"lə duellər gözləyir. Bu barədə nə deyə bilərsən?
- Həqiqətən ardıcıl çətin matçlar keçirməliyik. Arxayınlıqdan, məsuliyyətsizlikdən söhbət gedə bilməz. Ümumiyyətlə, bizim komandada hansısa oyuna boş yanaşmaq yoxdur. Hamımız mövsümün qalan oyunlarına, ilk növbədə də "Mingəçevir"lə görüşə səylə hazırlaşırıq.

Nihat

Избранный
28
1
fanat.az

2Источники