RU

Yüksək texnologiyalarda strateji birlik: “Aselsan Bakü”nün fəaliyyətinin qiymətləndirilməsi – MÜSAHİBƏ

Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq son illərdə keyfiyyət baxımından yeni mərhələyə yüksəlib. Bu prosesdə xüsusi çəkiyə malik qurumlardan biri də ASELSAN-ın Azərbaycandakı rəsmi törəmə şirkəti olan “Aselsan Bakü” MMC-dir.

Azərbaycanda artıq 28 ildir fəaliyyət göstərən “Aselsan Bakü” bu müddət ərzində layihələrin miqyasını genişləndirib, tətbiq olunan texnologiyaların səviyyəsini yüksəldib və təşkilati mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Yerli istehsal perspektivləri, texnologiya transferi, inteqrasiya olunmuş komanda-idarəetmə sistemləri və insan kapitalının inkişafı hazırda bu əməkdaşlığın əsas strateji istiqamətləri sırasındadır.

“Poliqon” müdafiə və aerokosmik texnologiyalar jurnalına verdiyi geniş müsahibədə “Aselsan Bakü”nün baş direktoru Özgür Kürüm, rəhbərlik etdiyi şirkətin Azərbaycandakı inkişaf mərhələlərini, qarşıdakı dövr üçün planlaşdırılan birgə istehsal təşəbbüslərini, regional təhlükəsizlik arxitekturasına töhfələri və Bakı–Ankara xətti üzrə formalaşan strateji baxışı ətraflı şərh edib.

Müsahibədə həmçinin ASELSAN-ın qlobal transformasiya proqramı “aselsaneXt”, HAKİM Hava Komanda və Nəzarət Sistemi, elektron müharibə həlləri və ölkədə insan resurslarının gücləndirilməsinə yönəlmiş addımlar geniş təhlil olunub. Özgür Kürüm iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığının hazırkı mərhələsini qiymətləndirərək, növbəti 5–10 il üçün nəzərdə tutulan prioritetləri oxucularla bölüşüb.

POLİQON: Özgür bəy, “Aselsan Bakü” şirkətinin Azərbaycandakı fəaliyyəti artıq 28 illik bir dövrü əhatə edir. Son illərdə həm “Aselsan Bakü” MMC-nin, həm də ASELSAN A.Ş.-nin fəaliyyətlərində hansı əsas yeniliklər, təşkilati dəyişikliklər və inkişaf mərhələləri baş verib?

0H8A9225Özgür Kürüm: İlk növbədə həm ziyarətiniz, həm də müsahibə üçün təşəkkür edirəm. Sizin də qeyd etdiyiniz kimi, “Aselsan Bakü” fevral ayının 11-də fəaliyyətinin 28-ci ilini geridə qoydu. Bu tarix şirkətimizin MMC statusunda 28-ci ildönümünü ifadə edir. Lakin fəaliyyətlərimiz bundan daha əvvələ dayanır. ASELSAN-ın Azərbaycandakı fəaliyyəti demək olar ki, Azərbaycanın müstəqilliyi ilə eyni dövrə təsadüf edir.

Fəaliyyətlər Birinci Qarabağ müharibəsi ilə başlayıb. Daha sonra fəaliyyətlərimizin intensivləşməsi ilə 1995-ci ildə nümayəndəlik ofisi kimi fəaliyyət göstərmiş və 1998-ci ildə MMC statusunda rəsmi olaraq qeydiyyatdan keçmişdir.

Əlbəttə, bu müddət ərzində həm ASELSAN, həm də “Aselsan Bakü” bir çox mərhələdən və inkişaf prosesindən keçib. Bunların bütün tarixçəsinə toxunmaq istəmirəm, çünki əks halda burada günlərlə danışmalı olarıq. Xüsusilə son dövrdə, sizinlə son görüşümüzdən bəri, ASELSAN-da, qlobal fəaliyyətlərimizdə və “Aselsan Bakü”də bir çox yenilik və mühüm dəyişikliklər baş verib.

ASELSAN, məlum olduğu kimi, Türkiyədə müdafiə sənayesinin ən böyük və ən köklü şirkətidir. Maliyyə göstəricilərinin həcmi, idarə etdiyi layihələrin miqyası və layihələrin sayı baxımından Türkiyə müdafiə sənayesinin flaqmanı mövqeyindədir. Dünya müdafiə sənayesi sıralamasında ilk 50 şirkət arasında yer alır və qlobal miqyasda son dərəcə güclü və nüfuzlu mövqeyə malikdir.

ASELSAN olaraq hədəfimiz 2030-cu ilə qədər dünyanın ilk 30 müdafiə şirkətindən biri olmaqdır. Bu məqsədə çatmaq üçün keyfiyyətli məhsul istehsal etmək, satışları artırmaq, fəaliyyət sahələrini genişləndirmək və müxtəlif yenilikləri həyata keçirmək əsas prioritetlərimiz sırasındadır.

Bu məqsədlə ASELSAN-ın baş direktoru cənab Ahmet Akyolun strateji vizyonu əsasında “aselsaneXt” adlı genişmiqyaslı bir vizyon layihəsi başlanıb. Alt başlıqları arasında çoxsaylı təşkilati dəyişikliklər, infrastruktur yenilikləri, genişlənmə, yeni texnologiyalar, yeni nəsil layihə idarəetmə yanaşmaları və rəqəmsal transformasiya kimi bir çox istiqaməti əhatə edən bu kompleks yanaşma ASELSAN-ı qlobal miqyasda daha güclü, daha çevik və daha rəqabətqabiliyyətli mövqeyə çıxarmağı hədəfləyir.

ASELSAN hazırda bütün bölmələri ilə bu hədəflərə fokuslanmış vəziyyətdədir və məhz bu fokus sayəsində inkişafını davam etdirir. Bu yanaşmanı konkretləşdirmək üçün qarşıya qoyduğumuz hədəflər arasında “öz sahəsində ən yaxşı və oyunun qaydalarını dəyişən məhsulların hazırlanması və istehsalı” yer alır. Həm açıq mənbələrdən izlənilə bilən xəbərlər, həm də ASELSAN məhsul və sistemlərini aktiv şəkildə inventarına daxil etmiş istifadəçi ölkələrdən alınan rəylər göstərir ki, ASELSAN hazırda döyüş meydanında oyunun gedişatını dəyişdirən texnologiya və məhsullara malikdir.

Bununla yanaşı, həyata keçirdiyimiz hər bir fəaliyyətdə öz sahəsində ən yaxşı nəticəni ortaya qoymaq əsas prinsipimizdir. İxrac yönümlü yanaşmamız və müəyyən etdiyimiz strateji hədəflər də bu anlayışa uyğun şəkildə formalaşır. Bu vizyonun konkret nəticələrini il ərzində ASELSAN-ın açıqladığı maliyyə göstəricilərində, layihələrə dair mətbuat açıqlamalarında və ictimaiyyətlə paylaşılan məlumatlarda görmək mümkündür.

“Aselsan Bakü” tərəfinə keçdikdə isə burada “Aselsan Bakü” MMC olaraq bir neçə əsas funksiyamız var. Bunlardan birincisi ASELSAN-ın Azərbaycandakı bütün əməliyyatlarını koordinasiya etməkdir. Bu çərçivədə müvafiq dövlət qurumları, özəl sektor nümayəndələri, şirkət və təşkilatlarla koordinasiyanı təmin edirik.

İkinci olaraq, ASELSAN-ın Azərbaycana tədarük etdiyi məhsul, sistem və xidmətlər üzrə texniki dəstək təqdim edirik. Hər hansı bir məhsul inventara daxil ediləcəyi zaman onun sınaq/nümayiş fəaliyyətlərindən başlayaraq quraşdırma və inteqrasiyasına, eləcə də məhsulun bütün istismar müddəti ərzində satışdan sonrakı xidmət və dəstəyin təmin olunması bizim əsas vəzifələrimizdəndir.

Üçüncü olaraq isə “Aselsan Bakü” MMC Azərbaycandakı dövlət və özəl qurumlara peşəkar və həvəskar rabitə cihazlarının satışı və icarəsi xidmətlərini təqdim edir.

“Aselsan Bakü” MMC-nin fəaliyyətlərini bu üç əsas istiqamət üzrə ümumiləşdirmək olar. Son illərdə bu sahələrin hamısında nəzərəçarpacaq artım əldə etmişik. Bu inkişafı həm artan əməkdaş sayımızdan və “Aselsan Bakü” olaraq dəstək verdiyimiz layihələrin həcminin genişlənməsindən, həm də Azərbaycanda peşəkar və həvəskar radio-rabitə bazarının böyüməsindən və “Aselsan Bakü”nün artan bazar payından aydın şəkildə müşahidə edə bilirik.

DSCPOLİQON: Əvvəlki müsahibələrdə ASELSAN-ın Azərbaycanda texnologiya transferi və yerli istehsal hədəfi açıq şəkildə ifadə edilmişdi. Bu gün bu hədəf konsept mərhələsindən real tətbiq mərhələsinə nə qədər yaxınlaşıb?

Özgür Kürüm: Sizin də qeyd etdiyiniz kimi, belə ciddi bir istəyimiz, niyyətimiz və qətiyyətimiz var. Hazırda tam nəticələnmiş konkret bir nəticə formalaşmayıb; lakin həm sahədəki inkişaflara, həm də apardığımız təmaslara baxdıqda bu hədəfə heç vaxt olmadığı qədər yaxın olduğumuzu rahatlıqla deyə bilərəm.

İnşallah, 2026-cı ildə bu istiqamətdə konkret inkişafların və razılaşmaların olacağını düşünürəm. ASELSAN bu məsələdə Azərbaycanın müxtəlif ehtiyaclarına cavab verə biləcək şəkildə, bir neçə sahədə və müxtəlif məhsul ailələri üzrə müxtəlif təkliflər təqdim edib.

Buradakı yanaşmamız Azərbaycanı tək bir istiqamətə yönəltmək və ya müəyyən bir sahəyə məcbur etmək mənasında deyil; əksinə, Azərbaycanın öz prioritetləri əsasında inkişaf etdirmək istədiyi və ASELSAN ilə birlikdə böyüməyi hədəflədiyi sahələri ortaq müstəvidə qiymətləndirməkdir.

Bu çərçivədə müxtəlif məhsul ailələri üzrə həm texnologiya transferini, həm də birgə istehsalı əhatə edən, eyni zamanda müxtəlif iş modelləri vasitəsilə strateji tərəfdaşlığı  da özündə birləşdirən təkliflərlə prosesi davam etdiririk.

POLİQON: Azərbaycan Silahlı Qüvvələrinin inventarında ASELSAN məhsullarının sayının artması fonunda sistemlərarası uyğunluq və qarşılıqlı işləmə qabiliyyəti baxımından hansı yeni texniki standartlar formalaşıb?

DSCÖzgür Kürüm: İnventarla bağlı, xüsusilə müdafiə və təhlükəsizlik qurumlarındakı ASELSAN sistemləri haqqında çox detallı məlumat verməyim düzgün olmaz, lakin sizə ümumi bir məlumat verə bilərəm. ASELSAN-ın fəaliyyət göstərdiyi 16 əsas fəaliyyət sahəsi var. Elektron müharibədən tutmuş rabitə, radar və komanda-idarəetmə sistemlərinə qədər ümumilikdə 16 əsas sahədə fəaliyyət göstəririk və bu sahələrin hər birinin daxilində yüzlərlə müxtəlif məhsul yer alır. Bu 16 əsas fəaliyyət sahəsinin 12-si üzrə Azərbaycanda faktiki olaraq icra olunan müqaviləli layihələrimiz mövcuddur.

Bu nöqteyi-nəzərdən baxdıqda vacib olan yalnız məhsulların sayı deyil; Azərbaycanda çox fərqli sahələrdə və müxtəlif qurumlarda məhsullarımız mövcuddur. Hətta onların bəziləri tamamilə mülki sahədə həyata keçirdiyimiz layihələrdir.

Lakin xüsusilə hərbi sahədə, sizin də qeyd etdiyiniz kimi, qarşılıqlı işləmə qabiliyyəti böyük əhəmiyyət daşıyır. ASELSAN-ın öz imkan və qabiliyyətləri ilə inkişaf etdirdiyi və istehsal etdiyi sistemlər arasında bu baxımdan hər hansı texniki və ya əməliyyat maneəsi mövcud deyil. Bunun ən real nümunələrini Türkiyə Silahlı Qüvvələrinin və Azərbaycan Silahlı Qüvvələrinin inventarında aktiv istifadə olunan sistemlərdə açıq şəkildə görmək mümkündür.

Məsələn, ASELSAN-ın radarları, rabitə sistemləri, komanda-idarəetmə həlləri və silah sistemləri çox effektiv şəkildə qarşılıqlı işləmə qabiliyyəti təmin edir. Yəni sensordan əldə edilən məlumat komanda-idarəetmə sistemlərində emal oluna bilir, ASELSAN rabitə sistemləri vasitəsilə müvafiq bölmələrə ötürülə bilir və ehtiyac olduqda qərar dəstəyi mexanizmlərindən sonra atəş dəstək vasitələrinə yönləndirilə bilir. Bu inteqrasiya qabiliyyəti ASELSAN istehsalı hava hücumundan müdafiə sistemləri və digər silah sistemləri üçün də keçərlidir. Sistemlər arasında hər hansı uyğunsuzluq problemi mövcud deyil.

ASELSAN bu qabiliyyətini yalnız öz sistemləri ilə məhdudlaşdırmır; bununla kifayətlənməyərək Türkiyədəki digər müdafiə sənayesi şirkətlərinin inkişaf etdirdiyi sistemlərlə və bəzi xarici mənşəli platformalarla da müəyyən standartlar çərçivəsində qarşılıqlı işləmə qabiliyyətini təmin edə bilir.

Məsələn, “Roketsan” və “Baykar” şirkətlərinin Azərbaycandakı layihələrində ASELSAN məhsul və sistemlərinin bu platformalar və silah sistemləri ilə inteqrasiya olunmuş formada  işlədiyini və müxtəlif elementlər arasında qarşılıqlı uyğunluğun təmin edildiyini müşahidə edirik.

Bundan əlavə, Azərbaycanın inventarında müxtəlif ölkələrdən tədarük edilmiş müxtəlif sistemlər də mövcuddur. Bu çərçivədə mövcud sistemlərin ASELSAN infrastrukturu ilə inteqrasiyası və ya ASELSAN həllərinin mövcud platforma və strukturlara uyğunlaşdırılması istiqamətində bir çox layihəni uğurla həyata keçirmişik.

POLİQON: Azərbaycanda Vətən müharibəsindən sonra əməliyyat mühiti və müharibə konsepsiyaları ciddi şəkildə dəyişdi. ASELSAN bu yeni reallıqlara uyğun olaraq rabitə və komanda-idarəetmə sistemlərini necə transformasiya edir?

16866732441830860382Özgür Kürüm: ASELSAN innovativ yanaşması ilə bunu Vətən müharibəsindən də əvvəl etməyə başlamışdı. Hətta həyata keçirdiyimiz bu yeniliklərin bir qismi, xüsusilə komanda-idarəetmə sahəsində, Vətən müharibəsi zamanı döyüş meydanında aktiv şəkildə istifadə olundu və onların gözlə görünən faydası çox aydın şəkildə müşahidə olundu. Bu, inkişaf edən döyüş meydanının reallıqları əvvəlcədən nəzərə alınaraq Vətən müharibəsi zamanı ASELSAN tərəfindən yeni yanaşmalar və texnologiyalarla tətbiq edilmişdi. Bu transformasiya 2020-ci ildən sonra da inkişaf edərək davam etdi. Bunun yaxşı nümunələrindən biri, sizin də yaxından izlədiyiniz və daha əvvəl ictimaiyyətə təqdim etdiyiniz HAKİM layihəsidir.

Burada müxtəlif ölkələrin radar və silah sistemlərini inteqrasiya edən, vahid, bütövləşmiş və avtomatik hava rəsmi yaradan, həmçinin angajman qabiliyyəti təmin edən bir komanda-idarəetmə sistemi inkişaf etdirdik.

Bu strukturda həm Qərb/NATO mənşəli, həm də Sovet mənşəli sistemlər inteqrasiya olunub. Onların tam inteqrasiyası ASELSAN-ın texnoloji imkanlarını və üstünlüyünü açıq şəkildə göstərir.

Eyni şəkildə rabitə sistemlərimizdə də peyk, rabitə stansiyaları və radio-rele sistemləri daxil olmaqla, öz infrastrukturumuz daxilində inteqrə şəkildə işləyə bilən naqilli və naqilsiz sistemlər inkişaf etdirmişik. Bundan əlavə, müxtəlif ölkələrin istehsalı olan rabitə sistemləri ilə də təhlükəsiz və kriptolu əlaqə təmin edən yeni infrastruktur həlləri yaratmışıq.

POLİQON: HAKİM Hava Komanda və İdarəetmə Sistemi “İki dövlət, tək hava məkanı” konsepsiyasının texnoloji əsas sütunu kimi qəbul olunur. Bu layihənin tam əməliyyat qabiliyyətinə çatması regionun təhlükəsizlik memarlığında hansı dəyişikliklərə səbəb olacaq?

16866732442883840686Özgür Kürüm: Sizin də qeyd etdiyiniz kimi, HAKİM layihəsində tam əməliyyat qabiliyyətinə çatmışıq. Bildiyiniz kimi, HAKİM layihəsinin açılışı 2023-cü ilin iyun ayında “Bir millət, iki dövlət” şüarını vurğulayacaq şəkildə cənab prezidentlərimiz tərəfindən həyata keçirildi. Mərkəz açıldıqda HAKİM sistemi artıq əməliyyat vəziyyətində idi; lakin sonradan əlavə olunan yeni imkanlar və inkişaf edən texnologiyalarla birlikdə planlaşdırıldığı kimi inkişaf etməyə davam edir. Bu layihə iki ölkənin Müdafiə Nazirlikləri arasında keçirilən  ən strateji ortaq layihələrindən biridir.

HAKİM Hava Komanda və İdarəetmə Sistemi Xəzərdən Egey dənizinə qədər uzanan geniş bir ərazidə hava məkanını fasiləsiz izləmək və mümkün təhdidləri erkən mərhələdə aşkar edərək vaxtında xəbərdarlıq təmin etmək məqsədilə hazırlanıb və regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayır. Bu gün etibarilə HAKİM sistemi tam əməliyyat qabiliyyətinə çatıb.

Sistem hava məkanına nəzarət və operativ situasiya məlumatlılığı sahələrində mühüm bir potensial formalaşdırıb və mümkün təhdidlərə qarşı ortaq yanaşmanın formalaşmasına şərait yaradıb.

POLİQON: Elektron müharibə və elektromaqnit spektrinə hakimiyyət müasir münaqişələrdə əsas amillərdən birinə çevrilib. ASELSAN-ın Azərbaycanda bu sahədə prioritet yol xəritəsi necə formalaşıb?

5Özgür Kürüm: Elektron müharibə sahəsini iki əsas başlıq altında qiymətləndirə bilərik: elektron dəstək və elektron hücum. Xüsusilə Türkiyə Silahlı Qüvvələrində və müvafiq qurumlarda inkişaf etdirdiyimiz bütün innovativ qabiliyyətləri Azərbaycana da təqdim etdiyimizi və inteqrasiya etdiyimizi deyə bilərəm. Açıq şəkildə ifadə etmək lazımdır ki, Türkiyə Silahlı Qüvvələrinin malik olduğu bir çox kritik elektron müharibə qabiliyyəti bu gün Azərbaycan inventarında da mövcuddur. Bunun müasir döyüş meydanında ciddi fərq yaratdığını, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı açıq şəkildə gördük. Eyni vəziyyət Rusiya–Ukrayna müharibəsi meydanında da müşahidə olunur.

Elektron dəstək çərçivəsində istər düşmən dronu, istər radar, istərsə də silah sistemi olsun, təhdid elementlərinin erkən aşkar edilməsi və dəqiq mövqeləndirilməsi mühüm üstünlük təmin edir. Bu baxımdan ASELSAN həm Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi çoxsaylı əməliyyatlar zamanı döyüş meydanında nümayiş etdirdiyi performansla, həm də Azərbaycana qazandırdığı kritik qabiliyyətlərlə özünü açıq və aydın şəkildə sübut edib.

Elektron hücum isə dəstək qədər mühüm əhəmiyyət kəsb edir. Müasir münaqişə mühiti, xüsusilə Rusiya–Ukrayna müharibəsində gördüyümüz kimi təhdidlərin həm “soft-kill”, həm də “hard-kill” üsulları ilə zərərsizləşdirilməsini zəruri edir. Bu baxımdan ASELSAN elektron hücum qabiliyyətlərini silah sistemləri ilə inteqrasiya edərək şəbəkə-mərkəzli struktur daxilində avtomatik idarəetmə və reaksiyaya cavab mexanizmlərini tətbiq edib.

ASELSAN yalnız öz Elektron Dəstək və Elektron Hücum sistemlərini inkişaf etdirməklə kifayətlənmir, eyni zamanda inventarda yer alan bütün məhsul və sistemlərini elektron müharibə mühitində fəaliyyət göstərə biləcək şəkildə layihələndirir. IDEF-2025 sərgisində də göründüyü kimi, xüsusilə hava hücumundan müdafiə sahəsində inkişaf etdirdiyimiz KORKUT və GÜRZ sistemlərində müxtəlif tip silahların və elektron hücum sistemlərinin inteqrasiya olunduğu yeni konfiqurasiyalar nümayiş etdirildi. Bu yanaşma modul arxitektura və çoxqatlı hava hücumundan müdafiə konsepsiyası baxımından konkret və uğurlu bir nümunə təşkil edir.

POLİQON: ASELSAN-ın rabitə sistemlərinin Azərbaycanda istehsalı həyata keçirilərsə, bu istehsal modeli daha çox montaj və ya lisenziyalı istehsal formasında olacaq, yoxsa dərin mühəndislik və yerli dizayn səviyyəsində planlaşdırılır?

BDMT2600Özgür Kürüm: ASELSAN keçmişdə bir çox ölkədə texnologiya transferi və birgə istehsal modelini əhatə edən layihələr həyata keçirib. Bu gün müxtəlif ölkələrdə, rabitə sistemləri də daxil olmaqla, bir sıra ASELSAN məhsulları lisenziya əsasında və ya birgə istehsal modeli ilə istehsal olunur.

Azərbaycana təqdim etdiyimiz təklif isə “Bir millət, iki dövlət” anlayışı çərçivəsində ən geniş və ən yüksək səviyyəli əməkdaşlıq modellərindən biridir. Bu çərçivədə yalnız istehsal texnologiyasının transferi deyil, həm də yeni məhsulların, proqram təminatının, alqoritmlərin, kriptoqrafik həllərin və süni intellektə əsaslanan tətbiqlərin birgə inkişaf etdirilməsi nəzərdə tutulur. Bu yanaşma yalnız hərbi sənayeni deyil, eyni zamanda mülki və ikili təyinatlı layihələri də əhatə edir.

2025-ci ildə Azərkosmos tərəfindən elan edilmiş peyk istehsalı və buraxılışı üzrə tenderə dair hazırladığımız bir təklifimiz mövcuddur. Bununla paralel olaraq Azərkosmos ilə daha strateji və daha genişmiqyaslı tərəfdaşlıq modeli üzərində də çalışırıq.

Xüsusilə peyk üzərində yerləşən, başda rabitə sistemləri olmaqla, faydalı yüklərin layihələndirilməsi, inkişafı və istehsalı proseslərini birlikdə həyata keçirməyi və bu istiqamətdə birgə müəssisə yaratmağı qiymətləndiririk.

Bu çərçivədə malik olduğumuz texniki bilik və texnoloji infrastrukturu həm hərbi, həm də mülki kosmik layihələrdə Azərbaycan ilə bölüşməyə hazırıq. Məqsədimiz yalnız layihə əsaslı təchizatçı–müştəri münasibəti qurmaq deyil, davamlı, yerli qabiliyyətlərin formalaşdırılmasına əsaslanan və Azərbaycanın kosmik ekosisteminə uzunmüddətli töhfə verəcək etibarlı texnoloji tərəfdaşlıq yaratmaqdır.

POLİQON: Özgür bəy, bildiyimiz kimi, “Aselsan Bakü”nün hazırda əsas funksiyaları koordinasiya, texniki dəstək və satışdan sonrakı xidmətlər üzərində qurulub. Gələcəkdə bu strukturun layihələndirmə, sistem inteqrasiyası və yerli məhsul inkişafı səviyyəsinə yüksəldilməsi planlaşdırılırmı?

DSCÖzgür Kürüm: ASELSAN olaraq bu istiqamətdə aydın və qətiyyətli iradəmiz mövcuddur. Bu çərçivədə Azərbaycandakı müvafiq və səlahiyyətli qurumlarla təmaslarımız, həmçinin texniki və təşkilati səviyyədə danışıqlarımız davam edir. Müsahibə boyunca da qeyd etdiyim kimi, müxtəlif qurumlara yönəlmiş və bir neçə sahəni əhatə edən bir neçə əməkdaşlıq təklifimiz mövcuddur.

Mövcud vəziyyətdə xüsusilə hərbi rabitə sistemləri sahəsində konkret birgə istehsal və qabiliyyətlərin inkişafı üzrə hədəfimiz mövcuddur. Bununla yanaşı, idarəolunan sistemlər üçün yönləndirmə dəstləri sahəsində də yerli istehsal və birgə inkişaf modelini ehtiva edən təkliflərimiz var.

Bundan əlavə, bir qədər əvvəl də qeyd etdiyim kimi, Azərkosmos ilə peyk və faydalı yüklər sahəsində birgə müəssisə yaradılması istiqamətində niyyətimiz var. Eyni zamanda Azərbaycanda həm ASELSAN layihələrinə texniki töhfə verəcək, həm də ölkənin öz ehtiyaclarına uyğun sistemlərin layihələndirilməsi və inkişafı ilə məşğul olacaq süni intellekt mühəndislik komandasının yaradılması da gündəmimizdədir. ASELSAN-ın baş direktoru cənab Ahmet Akyol da bu strateji yanaşmanı bütün platformalarda və bütün səviyyələrdə qətiyyətlə vurğulayır.

POLİQON: Yerli istehsal mərhələsi həyata keçirilərsə, “Aselsan Bakü” bu istehsal zəncirində hansı mərhələlərə birbaşa cavabdeh olacaq və hansı sahələrdə səlahiyyətləri genişlənəcək?

Özgür Kürüm: Yerli istehsalla bağlı təkliflər üzrə Azərbaycandakı səlahiyyətli qurumların qiymətləndirmə prosesi davam edir. Bu səbəbdən hazırkı mərhələdə müvafiq qurumlar adından qəti bir qiymətləndirmə aparmaq düzgün olmaz. Bu məsələ daha çox iş modelinin müəyyənləşdirilməsi ilə formalaşacaq bir vəziyyətdir.

Yəni “Aselsan Bakü”nün yerli istehsal çərçivəsində necə mövqeləndiriləcəyi əslində bu danışıqların irəliləməsi və iş modelinin daha konkret forma alması ilə müəyyənləşəcək. Buna görə də oradakı həm texnoloji yanaşmadan, həm də tərəfdaşlıq strukturundan asılı olaraq dəyişə biləcək bir məsələdir.

Lakin bir məqamı aydın şəkildə qeyd edə bilərəm ki, “Aselsan Bakü” 100 faiz ASELSAN sərmayəsi ilə yaradılmış bir Azərbaycan şirkətidir. Buna görə də mütləq şəkildə bu prosesi dəstəkləyən və ona xidmət edən bir rolda olacaq. Sadəcə formal olaraq bu prosesin hansı mərhələsində yer alacağını hazırda demək bir qədər çətindir.

POLİQON: Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda formalaşan yeni təhlükəsizlik və infrastruktur mühiti ASELSAN üçün hansı mülki və ikili təyinatlı texnologiya imkanlarını ön plana çıxarır?

Özgür Kürüm: Qarabağ və Şərqi Zəngəzur bölgələrində həm infrastruktur, həm də üst quruluş sahəsində intensiv investisiyalar həyata keçirilir. Bununla yanaşı, regionun təhlükəsizlik ölçüsü də mühüm istiqamətlərdən biridir; sərhəd və baza təhlükəsizliyi ilə bağlı müxtəlif layihələr başlanıb və hazırda davam etdirilir. Bu baxımdan ASELSAN məhsul portfelini, xidmətlərini, eləcə də texnologiyalarını həmin bölgəyə təqdim edə bilər.

Xüsusilə geniş bir iqtisadi zonadan söhbət getdiyi üçün ASELSAN mülki texnologiyaları ilə də bir çox istiqamətdə töhfə verə bilər. Məsələn, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə həyata keçirdiyimiz tam mülki layihə olan Yüksək Sürətli Çəki Ölçmə Sistemləri Qarabağ və Şərqi Zəngəzur bölgəsi üçün də yaxşı bir imkan yarada bilər.

Bununla yanaşı, həm ümumilikdə Azərbaycanda, həm də həmin bölgədə avtomobil yollarında istifadə olunmaq üçün ödəniş toplama sistemləri də tətbiq oluna bilər. Hərbi sahəyə gəldikdə isə artıq həmin bölgələrin işğaldan azad edilməsindən sonra orada yerləşdirilən hərbi bazalarda bəzi sistemlərimiz istifadə olunur. Lakin təbii ki, bu sistemlərin sayı və çeşidi daha da artırıla bilər. Bu istiqamətdə də danışıqlarımız davam edir.

POLİQON: Yerli insan kapitalının inkişafı kontekstində ASELSAN Azərbaycan universitetləri, tədqiqat institutları və gənc mühəndislərlə əməkdaşlığı hansı sahələrdə qiymətləndirir və necə inkişaf etdirir?

7Özgür Kürüm: Bu mövzunu konkret bir nümunə ilə izah etmək istərdim. “Aselsan Bakü” olaraq əməkdaşlarımızın böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Türkiyə Respublikası vətəndaşı olan əməkdaşlarımız ümumi heyətin 10 faizindən daha azını təşkil edir. Bu struktur yerli insan resurslarının inkişafına və davamlı milli səriştə bazasının formalaşdırılmasına verdiyimiz önəmin ən bariz göstəricisidir.

Uzunmüddətli və davamlı bir model yaratmaq məqsədilə universitetlərlə sıx əməkdaşlıq həyata keçiririk. Universitetlər bu prosesin əsas tərəfdaşlarıdır. Azərbaycandakı beş universitetlə uzun müddətdir ki, təcrübə və tətbiqi təlim proqramları həyata keçiririk. Bu sayədə tələbələr universitetdə əldə etdikləri akademik bilikləri real layihələr üzərində tətbiq etmək və möhkəmləndirmək imkan qazanırlar. Eyni zamanda biz də gələcəyin mühəndis və mütəxəssislərini yaxından tanıyır və ixtisaslı namizəd bazası formalaşdırırıq.

2025-ci il ərzində təcrübə proqramlarımız çərçivəsində 15-dən çox tələbəni kollektivimizə cəlb etmişik. Qarşıdakı dövrdə sayını artırmağı planlaşdırırıq. Məqsədimiz gənc mühəndislərin nəzəri biliklərini real layihələrlə dəstəkləyərək onların praktik səriştələrini inkişaf etdirməkdir.

Bundan əlavə, fəaliyyətlərimiz çərçivəsində TEKNOFEST və ya Aviasiya və Kosmos Modelləşdirmə Festivalı kimi tədbirlərdə yerli layihələr hazırlayan gənclərə mümkün qədər dəstək göstərməyə çalışırıq.

Daxili inkişaf proqramları çərçivəsində isə əməkdaşlarımıza həm texniki, həm də karyera inkişafına yönəlik təlimlər təqdim edirik. 2025-ci ildə hər əməkdaş üzrə orta hesabla 50 saatdan artıq təlim keçirilib. Texniki komandalarımız həm əyani, həm də onlayn təlimlər alıb, həmçinin Türkiyədəki ASELSAN müəssisələrində yerində tətbiqi təlim proqramlarında iştirak ediblər.

POLİQON: Qlobal müdafiə sənayesində rəqabət sürətlə dərinləşir. Bu rəqabətdə ASELSAN-ın əsas fərqləndirici üstünlüyü nədir və bu üstünlük Azərbaycan ilə əməkdaşlıqda necə əks olunur?

Özgür Kürüm: Sizin də qeyd etdiyiniz kimi, qlobal miqyasda artan bu rəqabət mühitində ASELSAN-ı fərqləndirən ən əsas amil güclü insan resurslarıdır. Öz sahəsində peşəkar gənc mühəndislər, gənc əməkdaşlar və fərq yaratmaq istəyində olan gənclər bizim ən böyük sərvətimizdir. Biz yalnız ayrı-ayrı məhsullar hazırlayıb satan və sonra onları unudan bir şirkət yanaşması ilə hərəkət edə bilmərik. ASELSAN üçün heç vaxt belə olmayıb. Xalqın ianələri ilə yaradılmış və demək olar ki, milli sərvət sayılan bu şirkətin ən böyük gücü də məhz bu xalq və bu xalqın yetişdirdiyi övladlardır.

Azərbaycanda da əməliyyat ehtiyaclarına uyğun olaraq həm insan resurslarımızı inkişaf etdirməyə çalışırıq, həm də söhbətimizin əvvəlində qeyd etdiyim kimi, sahəsində fərq yaradan, oyunun qaydalarını dəyişən məhsullar və həllərlə irəliləməyə çalışırıq. Rəqabət mühitinə baxdıqda bizi fərqləndirən və önə çıxaran əsas güclü tərəflərimizin də məhz bunlar olduğunu görürük.

Həm Türkiyədə, həm də Azərbaycanda biz bu yanaşma ilə yalnız mövcud ehtiyaclara cavab verən deyil, eyni zamanda ehtiyacları əvvəlcədən görə bilən, buna uyğun erkən tədbirlər görərək həllər hazırlayan bir şirkət kimi fəaliyyət göstəririk. Bu proaktiv yanaşma da bizi rəqabətdə fərqləndirir və ön plana çıxarır. 2025-ci ildə ASELSAN ümumilikdə 58 ölkə ilə ixrac müqaviləsi imzalayıb. Ümumilikdə baxdıqda isə tarix boyu 100-dən çox ölkəyə ixrac həyata keçirdiyimizi görürük. Biz hər qitədə, müxtəlif coğrafiyalarda əməkdaşlıqlar quran, məhsul və sistemlərini təqdim edən bir şirkətik.

POLİQON: Özgür bəy, sonda belə bir sual vermək istərdik: Qarşıdakı 5–10 il üçün ASELSAN-ın Azərbaycanla bağlı strateji baxışı hansı mərhələyə keçməyi hədəfləyir və bu prosesdə “Aselsan Bakü” hansı mərkəzi rolu üzərinə götürəcək?

17708746352242331693Özgür Kürüm: Qarşıdakı 5–10 illik dövrdə bizim üçün ən böyük hədəflərdən biri Azərbaycanda istehsalın həyata keçirilməsidir; yəni Azərbaycanın da istehsal edən bir ASELSAN-a sahib olmasıdır. Bəli, ASELSAN bu millətin və bütün türk dünyasının ortaq dəyəridir. Bu baxımdan şirkətimiz təkcə Türkiyənin deyil, əlbəttə ki, qardaş Azərbaycanın da ASELSAN-ıdır. Lakin burada istehsal həyata keçirən bir ASELSAN-ın olması bizim üçün çox mühüm hədəfdir. Bu, birgə istehsal modeli ilə də ola bilər, texnologiya transferi yolu ilə də həyata keçirilə bilər. Bu isə Azərbaycan tərəfinin səlahiyyətli qurumları ilə aparılacaq müzakirələr və qarşılıqlı fikir mübadiləsi nəticəsində veriləcək qərardır.

Hansı model seçilməsindən asılı olmayaraq, əsas məqsəd bu birgə istehsal mərhələsinə keçməkdir. Biz klassik mənada yalnız məhsul tədarükü və alqı-satqı həyata keçirən bir şirkət deyilik. Xüsusilə Azərbaycana yanaşmamız daha fərqlidir. Biz burada tam şəkildə Azərbaycanın ehtiyaclarına cavab verən bir missiya ilə fəaliyyət göstəririk. Azərbaycan bizim üçün prioritet hesab etdiyimiz və digər ixrac bazarlarından fərqli mövqedə qiymətləndirdiyimiz bir ölkədir. Daha açıq desək, Türkiyədə tətbiq etdiyimiz yanaşmanın Azərbaycanda da eyni forma ilə həyata keçirilməsidir.

Artıq məqsədimiz təkcə məhsul və ya sistem satışı deyil, burada istehsal həyata keçirmək, hətta birlikdə gələcəyin texnologiyalarını inkişaf etdirməkdir. Bu baxımdan, 5–10 il ərzində, hətta bundan da  daha erkən baş verəcəyini düşünürəm.

Bu prosesdə “Aselsan Bakü” şübhəsiz ki, bu modelin ayrılmaz hissəsi olacaq. Hətta koordinasiya baxımından mərkəzi rol oynayacağını deyə bilərəm. Bizim burada vəzifəmiz ən azı öz fəaliyyət sahəmiz çərçivəsində Bakı ilə Ankara arasında körpü, bir növ “dekoder” rolunu oynamaqdır. Bu modelin formalaşmasında da “Aselsan Bakü”nün istiqamətləndirici və koordinasiyaedici funksiyası olacaq. Layihə həyata keçirildikdən sonra onun necə formalaşacağı isə qarşılıqlı yüksək səviyyəli görüşlər və iş modelinin dəqiqləşdirilməsi ilə müəyyənləşəcək; lakin “Aselsan Bakü” mütləq şəkildə bu strukturun tərkib hissəsi olacaq.

POLİQON: Özgür bəy, müsahibə üçün dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm. Sonda əlavə etmək istədiyiniz bir məqam varmı?

Özgür Kürüm: Çox təşəkkür edirəm, ilk növbədə bu dəyərli söhbəti həyata keçirmək istədiyiniz üçün. Əslində iki ölkə arasındakı münasibətlər və müdafiə sənayesi əməkdaşlığı baxımından keçmişdən bu günə qədər deyilə biləcək çox şey var. Lakin bu gün xüsusilə vurğulamaq istədiyim məqam odur ki, gəlinən mərhələ həm Azərbaycanın öz müdafiə sənayesi imkanları baxımından, həm də iki ölkənin birgə layihələri baxımından son dərəcə qürurverici bir səviyyədədir. Biz bunu böyük məmnuniyyət və qürur hissi ilə izləyirik. Bunu türk mifologiyasından bir anlayışla izah etmək istərdim. Bəli, bu sevindiricidir, amma kifayətdirmi? Xeyr.

Bildiyiniz kimi, “Kızılelma” bu gün qürurla gözlədiyimiz bir platformanın da adıdır – “Baykar” şirkəti tərəfindən inkişaf etdirilən “Bayraktar Kızılelma”. Lakin “Kızılelma” anlayışının kökü türk mifologiyasına gedib çıxır. Bu anlayış daim çatmaq istənilən, lakin ona yaxınlaşdıqca daha irəliyə daşınan bir ideyanı ifadə edir. Yəni bir hədəfə çatdıqca yeni və daha böyük bir hədəfin ortaya çıxması deməkdir. Bu da öz mahiyyətində bizi daha yaxşıya aparan, bizi daha da yüksəldən və daha böyük məqsədlərə yönəldən bir idealdır.

Bu baxımdan son 30 il ərzində Azərbaycanın müdafiə sənayesində əldə etdiyi irəliləyişlər böyük sevinc və qürur doğurur. Türkiyə ilə həyata keçirilən layihələr də eyni şəkildə böyük bir uğur hekayəsidir. Lakin bizim üçün bu kifayət deyil. İnşallah daha yaxşı nəticələr əldə etməyi arzulayıram və bu istiqamətdə qətiyyətlə çalışmaqda davam edəcəyik.

8

Təşəkkür edirəm.

Zaur Babaşov

Müsahibə “Poliqon” hərbi-kosmik texnoloji jurnalının son sayında yayımlanıb

Избранный
17
poliqon.az

1Источники