RU

Almaniya və İspaniya şirkətləri hərbi nəqliyyat sistemlərinin birgə istehsalına dair razılığa gəlib

Berlin, 27 mart, AZƏRTAC

Almaniyanın “Rheinmetall” və İspaniyanın “Indra” şirkətləri müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıblar.

AZƏRTAC xəbər verir ki, sənəd Avropa və Latın Amerikası ölkələrinin silahlı qüvvələri üçün hərbi nəqliyyat sistemlərinin birgə istehsalını nəzərdə tutur. Tərəflər yaxın vaxtlarda birgə müəssisə yaradaraq İspaniya ordusunun 3 minədək hərbi yük maşınının alınması üzrə elan etdiyi tenderə qatılmağı da planlaşdırır. Bu addım şirkətlərin mövcud tərəfdaşlığını daha da dərinləşdirməyə və gələcək müdafiə layihələrində birgə çıxış etməyə imkan verəcək.

Razılaşma çərçivəsində zirehli texnikanın modernləşdirilməsi, taktiki dəstək nəqliyyat vasitələrinin hazırlanması, piyada döyüş maşınları üzrə həllərin işlənməsi və yük avtomobilləri layihələri üzrə konsorsiumların yaradılması nəzərdə tutulur. Eyni zamanda, əməkdaşlıq bütün dəyər zəncirini sistemin inteqrasiyasından istehsal və xidmət mərhələlərinə qədər əhatə edəcək.

Tərəflər bu əməkdaşlıqla Avropanın müdafiə sənayesi potensialının gücləndirilməsini və müasir təhlükəsizlik çağırışlarına uyğun innovativ texnologiyaların hazırlanmasını hədəfləyirlər. Layihələrdə sistem inteqrasiyası, sensor texnologiyaları, rəqəmsallaşma və platforma həlləri üzrə hər iki şirkətin təcrübəsindən istifadə olunacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
18
1
azertag.az

2Источники