RU

Su altında qalan qəsəbə sakinləri işə gedə bilmir – VİDEO

Bakının Sulutəpə qəsəbəsində güclü yağışlar fəsadlar yaradıb.
Son günlər intensiv yağan yağışlar Bakının Sulutəpə qəsəbəsində ciddi problemlərə səbəb olub.

KONKRET.az redaksiyasına daxil olan videogörüntülərdən aydın olur ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Pənahabad küçəsində məhəllələrlə yanaşı, yaşayış evlərinin həyətləri və zirzəmiləri su altında qalıb.

Sakinlərin sözlərinə görə, kanalizasiya sisteminin qənaətbəxş olmaması səbəbindən yağış suları həyətlərə dolub. Bu isə onların gündəlik həyatına, xüsusilə də işə gedib-gəlmələrinə ciddi çətinlik yaradıb.
Pənahabad sakinləri aidiyyəti qurumları problemi aradan qaldırmağa və kanalizasiya xətlərinin təmirinə başlamağa çağırıblar.

Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq ADSEA-dan bildirilib ki, intensiv yağışlarla əlaqədar qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Qeyd olunub ki, bəzi ərazilərdə drenaj sistemlərinin olmaması səbəbindən yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu isə kanalizasiya şəbəkələrinin həddindən artıq yüklənməsinə və suyun axıdılmasında çətinliklərin yaranmasına gətirib çıxarır.

Eyni zamanda, bəzi ərazilərdə mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinin mövcud olmadığı da vurğulanıb. Belə hallarda problemlərin aradan qaldırılması üçün qəza briqadaları cəlb olunur və toplanan yağış sularının çəkilməsi təmin edilir.

Bildirilib ki, mütəmadi olaraq kanalizasiya və yağış xətlərində monitorinqlər aparılır, kollektor quyuları və daşıyıcı xətlər yoxlanılır. Tutulma halları aşkarlanan ərazilərdə xüsusi texnikalar vasitəsilə təmizləmə işləri həyata keçirilir.

Hazırda bütün sukanal idarələri növbəli əsasda fasiləsiz işləyir, yağış sularının çəkilməsi və mövcud xətlərə yönləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Dəniz Pənahova
KONKRET.az

Избранный
16
1
konkret.az

1Источники