RU

Ehtiyac yaranacağı təqdirdə yeni sosial paketlərin icrası məsələsi gündəmə gələ bilər - RƏY

Dünyada baş verən iqtisadi dalğalanmalar, enerji və ərzaq qiymətlərində artım, qlobal maliyyə bazarlarındakı qeyri-sabitlik bir çox ölkələrdə sosial rifah məsələsini gündəmin əsas mövzularından birinə çevirib. Belə bir şəraitdə inkişafına görə regionun lider dövləti olan Azərbaycan dövləti vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsini prioritet istiqamət kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl, məqsədyönlü addımlar atır. Azərbaycanın daxili siyasətində sosial siyasət həmişə ön sırada olub. Ölkəmizin maliyyə imkanlarının artması, öz növbəsində, əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən siyasətə mühüm töhfəsini verir. Məhz bunun nəticəsi olaraq son illərdə pensiya və təqaüdlərin mərhələli şəkildə artırılması, sosial ödənişlərin genişləndirilməsi, həssas əhali qruplarına dəstək mexanizmlərinin gücləndirilməsi yönündə mühüm qərarlar qəbul olunub. Hökumətin həyata keçirdiyi sosial islahatlar əhalinin rifahının yaxşılaşdırılmasına, gəlirlərin artmasına, sosial təminat sisteminin daha da möhkəmləndirilməsinə və sosial ədalətin təmin olunmasına xidmət edir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib ki, Azərbaycanda həyata keçirlən dövlət siyasətinin təməlində sosial siyasət dayanır.

 

Deputat bildirib ki, dövlət büdcəsi xərclərinin 41%-ni sosial yönümlü xərclərin təşkil etməsi bir daha bunu təsdiq edir:

 

“Ölkədə pensiya, müavinətlər və əməkhaqqıların artırılması dövrü xarakter daşıyır. Sosial siyasətə ümumi yanaşma bundan ibarətdir ki, iqtisadi artım fonunda əhalinin rifahı paralel şəkildə yüksəldilsin. 2024–2026-cı illəri əhatə edən dövrdə bu istiqamətdə ardıcıl və sistemli addımlar atılıb. Sosial müavinətlər və təqaüdlərin artırılması həyata keçirilən islahatların tərkib hissəsidir. Son sosial islahatlar sayəsində 1,1 milyon pensiyaçının pensiyası 9%-dən çox artırılmışdır. Cari ildə orta aylıq pensiya məbləğinin 590 manata çatacağı gözlənilir. Son illər ünvanlı dövlət sosial yardımının orta məbləği iki dəfədən çox artıb. Minimum əməkhaqqının artırılması, özünüməşğulluq layihələrinin genişləndirilməsi mütəmadi həyata keçirilir. Deyə bilərik ki, 2018-ci ildən sonra ölkədə 4 milyondan çox insanı əhatə edən və 8 milyard manata yaxın maliyyə tutumu olan beş sosial paketin icrası təmin olunub. Bu sosial paketlərin icrası və sosial siyasətin dərinləşməsi əhalinin illik pul gəlirlərinin artım faizinin orta illik inflaysiyanı üstələməsinə imkan verib. Belə ki, əməkhaqqı, pensiya və müavinətlərin artım tempi orta illik inflyasiyanı 2%-dən çox üstələyir. Bu da bazarlarda qiymət artımlarının sosial müdafiəyə ehtiyacı olan insanların rifahına təsirlərini minimumlaşdırılmasına imkan verib”.

 

Deputat bildirib ki, bu gün qlobal bazarlarda yeni bir böhranlı vəziyyət yaranmaqdadır: "Davam edən müharibələr və gərginliklər fonunda əsas qlobal ticarət daşımaları həyata keçirilən dəhlizlərdə fasilələrin yaranması, enerji daşıyıcılarının qiymətlərinin artması paralel olaraq qlobal bazarlarda mal və xidmətlərin artmasına gətirib çıxarır. Təbii ki, xarici bazarlarda qiymətlərin artması inflyasiya idxalına yol açır və daxili bazarımıza təsirsiz ötüşmür. Bu tendensiya davamlı xarakter alsa və daxili bazara dünya bazarlarındakı bahalaşmaların təsiri çoxalarsa, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə ehtiyac yaranacaq. Hökumət qiymət dəyişikliyinin əhalinin sosial rifahına təsirlərini öyrənmək üçün əhalinin pul gəlirləri ilə istehlak qiymətlərindəki artımlarının monitorinqini mütəmadi həyata keçirir. Beləliklə, ehtiyac yaranacağı təqdirdə yeni sosial paketlərin icrası məsələsi gündəmə gələ bilər”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov isə deyib ki, Azərbaycanda mütəmadi olaraq həm əməkhaqqı, həm də pensiyalar artırılır:

 

“Bu tənzimləmələr davamlı olaraq həyata keçirilir və iqtisadi sahədə məvaciblərin, sosial müavinətlərin, eləcə də digər maliyyə institutlarının təkmilləşdirilməsinə yönəlmiş kompleks addımlardır. Sosial islahatlar bütövlükdə Azərbaycan insanın maddi rifah halının yüksəldilməsinə yönəlik məsələdir. Mərhələli şəkildə digər kateqoriyalardan olan şəxslərin də maddi rifah halının yaxşılaşdırılması istiqamətində adımlar atılacaq. Azərbaycan hökuməti daima bütün kateqoriyalardan olan insanların maddi durumunun yaxşılaşdırılması istiqamətində təkliflərlə çıxış edir. Eyni zamanda, dövlətin sosial siyasəti yalnız mövcud ehtiyacların qarşılanması ilə məhdudlaşmır, uzunmüddətli sosial sabitliyin təmin olunmasına, əhalinin gəlirlərinin artırılmasına və sosial təminat sisteminin daha dayanıqlı qurulmasına yönəlir. Bütün bu addımlar göstərir ki, Azərbaycan hökuməti hər bir vətəndaşın rifahını diqqətdə saxlayır və sosial müdafiə tədbirlərini davamlı şəkildə genişləndirir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 28 Mart 2026, 13:33   
Избранный
11
pravda.az

1Источники