RU

Ekoloq: “Elə bil kimsə Azərbaycanın üzərinə duş tutub, yuxarıda buludların üstündə bir kişi oturub, yağıntı işlərinə o baxır”

“Baş verən yağıntılar 30-40 ilin dəyişilmə tendensiyasıdır. Dövrlülük qanunu var. Kainatı iki qanun, hərəkət və dövrlülük qanunu idarə edir. Bakıdakı yağıntı möcüzəvi yağışdır. Yağış yağır, bir qram da külək yoxdur. Elə bil, kimsə yuxarıdan Azərbaycana, Bakının üzərinə duş tutub. … Bakıda neçə ildir belə küləksiz, abırlı yağış görmürdüm. Sakit, fasiləsiz və eyni temp, miqdarla yağır. Həmişə köndələn yağıb. Elə bil hansısa bulud başımızın üstündə dayanıb. Ona görə də təbiətlə zarafat etmək olmaz. Təbiətin öz qanunları var. Bu qədər yağıntı iqlim şəraitinə uyğun deyil. Son 2-3 il ərzində rütubətlilik çoxalıb, qar ehtiyatı da çoxdur. Naxçıvan kimi quraq regionuna əvvəlki illərlə müqayisədə 40 faizdən artıq yağıntı düşüb. Bu da göstərir ki, quraqlıq dövründən növbəti yağıntılı dövrə keçirik. Bu da qəfil deyil, tədricən olur. Yəqin, növbəti 30-50 ildə rütubətli dövr gələcək, xəzəl qalxacaq, qar, çovğun olacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ekoloq Ənvər Əliyev bildirib. O bildirib ki, hava iqliminin dəyişməsi müharibələrin atmosferə vurduğu zərərlə bağlı deyil: “İqlim şəraitinin dəyişməsinin müharibə ilə əlaqəsi yoxdur. Müharibəni edənlər qələt edirlər, yuxarıda buludların üstündə bir kişi oturub, yağıntı işlərinə o baxır. Hər müharibə edən iqlimi dəyişdirə bilsəydi, onda o dövrdə Hitlerdən ağıllı adam yox idi… Təsəvvür edin, müharibə dövründə insanlar aclıq çəkmədi. Quraqlıq çox qorxuludur. Quraqlıq olan zaman aclıq olur. Biz onsuz da o tendensiyanı keçmişik. Burada ümumi qanunauyğunluq da var. Bir də əlahiddə qanunlar olur. Hazırkı Bakı şəhərində baş verən yağıntıların yağma tendensiyaları, miqdarı Bakı üçün qeyri-adi haldır. Bu qədər yağıntı təbiətə, eləcə də quraqlıq sahələrinə olduqca qiymətli təbii hədiyyədir.  Əvvəllər deyirdik ki, ən çox yağıntı yazın sonu yayın əvvəllərində olurdu. Bu qədər yağıntılar olmurdu. Ola bilsin, bundan sonra da yağıntılarımız olacaq.  Bitkiçilik, heyvandarlıq, kənd təsərrüfatı üçün çox gözəl hədiyyələr gözlnilir. Ola bilər, halqa kimi davam edərək növbəti illərdə də yağıntıların miqdarı artsın. Çox güclü qar ehtiyatımız da var”.

 

Ə. Əliyev qeyd edib ki, ən böyük problemlərdən biri yerüstü su ehtiyatlarından səmərəli istifadə olunmamasıdır: “Məsələn, bir ildə yağan yağıntılar çaylara, kəndlərə, camaata ziyan vura-vura gedirsə, bu, düzgün deyil. Vaxtilə müvafiq institut 44 su anbarı üzrə, xüsusilə də Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında yerləşən çayların suyunun su anbarlarında toplanaraq gələcəkdə istifadəsi ilə bağlı kifayət qədər elmi işlər aparıb. Amma təəssüf bunun nəticələrindən istifadə etmirik. Elə hay salırıq ki, quraqlıqdır, su çatışmır. Gərək suyu yığıb saxlayasan. İstəyərdik ki, hər il Azərbaycanda daşqın, selli, sulu çaylarımızın üstündə su anbarları yavaş-yavaş inşa edilsin, su anbarlarının da suyundan tədricən bütöv sahələrdə, məişətdən başlamış suvarmağa qədər istifadə edilsin. Ağsu çay üzərində su anbarının tikintisi barədə rəy var, yəqin, tikiləcək. Eyni zamanda, 1957-ci ildə həmin rayon ərazisində tikilən “Cavanşir” gölünün (su anbarı) suyundan istifadə üçün təmizlənməli və o da əvvəlki həcmi qədər su ilə təmin olunmalıdır. Nəticədə çoxlu quraqlıq çəkən ərazilərdə su ehtiyatlarından səmərəli istifadə etməklə kifayət qədər təsərrüfat, məişət, heyvandarlığımızda xeyli etibarlı təminatımız olar. Təsəvvür edin bir il böyük ərazini suvara biləcək su anbarının suyu adi çayda sel kimi axıb gedir. Halbuki müxtəlif sahələrdə istifadə edə bilərik. Əgər normal texnologiya ilə su anbarlarını tikib vətəndaşların istifadəsinə versək, Azərbaycanda su problemi ola bilməz”.

 

Ekoloq vurğulayıb ki, güclü yağıntılar nəticəsində sürüşmələr, eyni zamanda müxtəlif əlavə problemlər də yarana bilir: “Yağıntıların müsbət xüsusiyyəti ilə yanaşı problemli tərəfləri də var. Azərbaycan sürətlə infrastruktur layihələrinə qoşulub. Həm turizm, həm də yol infrastrukturu sahəsində çoxlu işlər görülür. Burada da təbii ki, bəzi hallarda texniki baxımından səhvlərimiz olur. Dağ yamaclarımızın dayanıqlılığı müəyyən qədər itirilir, nəticədə sürüşmələr baş verir. Bu antropogen təsir nəticəsində olan sürüşmələrdir ki, bunun da çoxlu fəsadları olur. Ağsu aşırımında olan sürüşmənin artıq bu kimi hadisələrin başlanğıcı kimi ola bilər. Təəssüf olsun ki, orada da normal texniki vəziyyətlərdən istifadə edilməyib. Tökmə torpaqlardır. Su axınları müxtəlif yollarla gərək uzaqlaşdırıla ki, su dayanıb müəyyən hissəni yumasın. Antropogen səhvlərdən belə hadisələr baş verir. Balakəndən Şamaxıya qədər olan ərazilərdə də bəzən görürsən ki, bu və ya digər səbəblərdən böyük meşə örtüyü olan ərazilərimiz qırılıb. Meşə örtüyünün bir problemi var. Üst qatı iri, hündür torpaqlardır, onun nəticəsində də yağan yağıntı aşağı qata keçir və oradakı gil hissələri yuyaraq təxminən 25-35 sm dərinliyində gil qatı yaradır. Yığılma nəticəsində o ərazilərdə gilin miqdarı 70-80 faizə qədər qalxır. Yağıntılar nəticəsində də sürüşmələr baş verir. Bilirsiniz ki, dağlıq ərazidəyik, seysmik zonadır. Azərbaycanda minlərlə silkələnmələr olur. Zəlzələ desələr də, onlar zəlzələ deyil, əhalinin çoxu hiss etmir. Nəticədə də sürüşmələrə rəvac verir və artır. Bu isə külli miqdarda zərər vurur. Belə güclü yağıntılar baş verən ərazilərdə istər şəhər, istərsə də rayon mühitində belə problemlər yaradırlar.  Tikinti işlərinin aparıldığı və sürüşmələrin çox olduğu ərazilərdə dayanıqlığı itirən yerlər güclü materiallarla möhkəmləndirilməlidir ki, problem yaranmasın. Son günlər baş verən güclü yağıntılar, yəqin, müəyyən problemlər yaradacaq. Ona görə, çalışılmalıdır ki, belə təbiət hadisələrinin qarşısı müasir texnologiyalar vasitəsilə alınsın”.

 

Şəhanə Quliyeva

Tarix: 28 Mart 2026, 16:59   
Избранный
67
1
pravda.az

2Источники