Bab əl-Məndəb boğazı da təhlükə altına düşə bilər, neft və qaz daşımaları ciddi zərbə ala bilər...
Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Məlumata görə, husilərin münaqişəyə qoşulması Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıra və qlobal enerji ixracına ciddi təsir göstərə bilər. Xüsusilə qeyd olunur ki, artıq dörd həftədir bağlı olan Hörmüz boğazı fonunda husilər daha bir strateji dar keçid nöqtəsi olan Bab əl-Məndəb boğazını hədəfə ala bilərlər.
Qeyd olunur ki, Qırmızı dənizi Hind okeanı ilə birləşdirən Bab əl-Məndəb boğazı qlobal ticarət və enerji daşımaları üçün kritik əhəmiyyətə malikdir. “Göz yaşları qapısı” kimi tərcümə olunan bu boğaz mürəkkəb naviqasiya şəraiti ilə tanınır və ən dar nöqtəsində cəmi 29 kilometr enə malikdir.
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatına görə, 2023-cü ilin tam olmayan dövründə bu boğazdan 30 milyon tondan çox mayeləşdirilmiş təbii qaz keçib. Bundan əlavə, dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 12 faizi məhz bu marşrutdan keçir, eləcə də böyük həcmdə konteyner daşımaları həyata keçirilir.
Məlumatda bildirilir ki, İsrailin Qəzzada hərbi əməliyyatlara başlamasından sonra husilər Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar həyata keçirməyə başlayıb. İndiyədək 100-dən çox gəmi zərbə alıb. Bu hücumlar nəticəsində yüzlərlə gəmi marşrutunu dəyişərək Ümid burnu ətrafından keçmək məcburiyyətində qalıb ki, bu da daşınma müddətini və xərcləri əhəmiyyətli dərəcədə artırıb.
Husilərin informasiya nazirinin müavini Məhəmməd Mənsur CNN-ə açıqlamasında bildirib ki, Bab əl-Məndəb boğazının bağlanması “reallaşdırıla bilən variant” kimi nəzərdən keçirilir. Bu isə qlobal ticarət və enerji bazarlarında əlavə qeyri-müəyyənlik və qiymət artımı risklərini gücləndirir.
Poliqon.info