İstanbulda keçiriləcək dördüncü Avropa Oyunlarının proqramı təsdiqlənib. Proqrama 26 idman növü daxil edilib ki, onlardan bəziləri üçün bu multiforum Los-Anceles Olimpiadasına mühüm seçim mərhələsi olacaq.
İdman.Biz xəbər verir ki, Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsi “İstanbul-2027” Təşkilat Komitəsi, həmçinin beynəlxalq və qitə federasiyaları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış yarışların idman proqramını müəyyənləşdirib. 26 idman növündən 22-si 2028-ci il Yay Olimpiya Oyunlarının proqramına uyğundur.
Bu mənada Avropa Oyunları dördilliyin əsas startına idmançıların seçimi üçün mühüm meydança olacaq - həm birbaşa lisenziyalar, həm də olimpiya reytinqlərində xallar oynanılacaq. İdman növlərinin yekun daxil edilməsi müvafiq federasiyalarla müqavilələrin imzalanmasından asılıdır.
İstanbuldakı Avropa Oyunlarının proqramında akademik avarçəkmə (sahil sprinti), ağır atletika və skvoş debüt edəcək. Sonuncu növ həm də ilk dəfə Olimpiadada yer alacaq. Bununla yanaşı, Krakov-2023 Oyunlarında iştirak etmədikdən sonra gimnastika, voleybol və güləş proqrama geri qayıdır.
EOC-un Əlaqələndirmə Komissiyasının sədri Mihay Kovaliu qeyd edib ki, “İstanbul-2027” Los-Anceles Olimpiadasına gedən yolda mühüm mərhələ olacaq:
“26 idman növü və geniş təsnifat imkanları sayəsində Oyunlar avropalı idmançılara çıxış etmək və seçilmək üçün yüksək səviyyəli platforma təqdim edəcək”.
“İstanbul-2027” Təşkilat Komitəsinin baş direktoru Veli Ozan Çakır əlavə edib ki, İstanbuldakı Avropa Oyunları qitədəki idmanın gücünü və müxtəlifliyini nümayiş etdirəcək:
“Biz həm idman ustalığını, həm də şəhərimizin vizyonunu əks etdirən proqram hazırlamışıq”.
Beləliklə, Avropa Oyunlarının proqramına 3x3 basketbol, su idman növləri, oxatma, yüngül atletika (komandalar arası Avropa çempionatı), badminton, boks, baydarka və kanoe (sprint), qılıncoynatma, gimnastika, cüdo, karate, kikboksing, müasir beşnövçülük, muay-tay, padel, avarçəkmə (çimərlik sprinti), reqbi-7, güllə atıcılığı, qayayadırmanma, skvoş, stolüstü tennis, taekvondo, triatlon, voleybol, ağır atletika, güləş daxil edilib.
Multiforumun cədvəlinə gəlincə, açılış mərasimi iyunun 16-na planlaşdırılıb, bağlanış isə iyunun 27-də baş tutacaq.
İndi növbə müxtəlif idman növləri üzrə Avropa federasiyaları ilə EOC və Təşkilat Komitəsi arasında müqavilələrin imzalanmasındadır. Gələcəkdə daha ətraflı proqram dərc olunacaq.