ABŞ Tehrana göndərdiyi danışıqlar barədə açıq siqnallara baxmayaraq, gizli şəkildə İrana quru hücumu planlaşdırır.
"Far.Az" IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib.
"ABŞ öz istəklərini 15 bənddən ibarət siyahı şəklində ifadə edib və müharibədə nail ola bilmədiklərinə can atır. Düşmən açıq şəkildə danışıqlar barədə siqnal göndərir və eyni zamanda, gizli şəkildə quru hücumu planlaşdırır", - o qeyd edib.
Bununla yanaşı, Qalibaf vurğulayıb ki, İran istənilən quru hücumunu dəf etməyə hazırdır.
Daha əvvəl "The Washington Post" qəzeti xəbər yaymışdı ki, Pentaqon İran ərazisində tammiqyaslı müdaxilə əvəzinə, xüsusi təyinatlıların və piyadaların nöqtəvi reydlərini nəzərdə tutan məhdud quru əməliyyatları variantları üzərində işləyir.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.