Mingəçevir, 29 mart, AZƏRTAC
Mingəçevirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin iştirakı ilə konsert keçirilib. Konsert proqramı Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində reallaşdırılıb. AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən musiqi gecəsində Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Tural Ağasıyev, Taleh Yahyayev, Atəş Qarayev, Səma Həmzəyeva, eləcə də Mirəli Sarızadə, Fəhmin Əhmədli və Vüqar Əliyev çıxış edərək, tamaşaçılara yüksək sənət nümunələri təqdim ediblər. Səsləndirilən əsərlər Azərbaycan klassik və milli musiqisinin seçilən incilərini əhatə edərək, zalda toplaşan sənətsevərlərə xoş və yaddaqalan anlar yaşadıb. Musiqi gecəsi sanki zamanın sükutunu pozaraq keçmişlə bu günü birləşdirən sehrli bir körpüyə çevrilib. Xatırladaq ki, martın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Mingəçevir Dövlət Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının təqdimatını etmişdi. Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı keçirilən layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən, ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü olaraq reallaşdırılır. Proqramın məqsədi regionlarda mədəni həyatın canlandırılması, yüksək səviyyəli incəsənət nümunələrinin daha geniş auditoriyaya təqdim olunması və ölkə üzrə vahid mədəni məkanın möhkəmləndirilməsidir.
Müxbir – Vüsalə Cənnətova