RU

Niderlandda Azərbaycanlıların Soyqırımı Gününün gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb

Rotterdam, 30 mart, AZƏRTAC

Benilüks Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı ilə Niderlandın Rotterdam şəhərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra 31 Mart gününə həsr olunmuş qısa videoçarx nümayiş olunub.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov 31 Mart tarixinin əhəmiyyətindən bəhs edərək, bu faciənin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə 1918-ci il hadisələrinin tarixi-siyasi aspektlərinə toxunmuş, Azərbaycan dövlətinin bu həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərdən danışıbdır.

BAK sədrinin birinci müavini Sima Cəfərova, “Ana Vətən” Avropa Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva, Azərbaycan–Niderland Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə çıxış edərək, soyqırımı faktlarının tarixi mənbələrə əsaslanaraq araşdırılmasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər. Həmçinin diaspora fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb, qadınların bu istiqamətdə rolundan bəhs edilib. Xaricdə yaşayan azərbaycanlıların milli həmrəyliyinin gücləndirilməsinin önəmi diqqətə çatdırılaraq, belə tədbirlərin birliyin möhkəmlənməsinə xidmət etdiyi bildirilib.

Tədbir çərçivəsində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa haqqında qısa videoçarx nümayiş olunub. Tədbirin sonunda uzun illərdir Niderlandda Azərbaycan mədəniyyətini təbliğ edən tanınmış kamança ustası İlham Babayev milli musiqimizin nümunələrini ifa edib.

 

Избранный
39
3
azertag.az

4Источники