Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Polşa Ukrayna ilə sərhəd boyunca müasir elektron təhlükəsizlik baryeri inşa etməyi planlaşdırır.
Bizimyol.info xəbər verir ki, "RMF24" agentliyinin verdiyi məlumata görə, layihənin dəyəri təxminən 450 milyon zloti (121 milyon ABŞ dolları) təşkil edir və Nadbuja Sərhəd Dairəsinin ərazisini əhatə edəcək.
Layihəyə seysmik titrəyişləri aşkar edən yeraltı kabellərin, məlumat ötürmək üçün optik lif kabellərin və enerji xətlərinin çəkilməsi daxildir. Sərhəd boyunca quraşdırılacaq dirəklər isə gündüz və termal görüntüləmə kameraları ilə təchiz ediləcək və 24 saat ərazini izləyəcək. Bütün məlumatlar birbaşa sərhəd bölməsinin müşahidə mərkəzinə ötürüləcək və orada sərhədçilər tərəfindən analiz olunacaq.
Layihənin maliyyələşdirilməsi Avropa İttifaqının SAFE proqramı tərəfindən nəzərdə tutulsa da, prezident Karol Navrotski tərəfindən veto qoyulduğu üçün hazırda digər maliyyə mənbələri barədə intensiv konsultasiyalar davam edir.
Rəsmi məlumatlara görə, elektron baryer Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən doğan təhlükəyə cavab olaraq qurulacaq. Baryer yalnız qanunsuz sərhəd keçidlərinin qarşısını almaqla kifayətlənməyəcək, eyni zamanda milli təhlükəsizliyə hər hansı təhdidləri aşkar etmə və onlara reaksiya vermə imkanlarını artıracaq.
Qeyd edək ki, 2025-ci ildə Ukrayna vətəndaşları Polşada yeni müəssisələr açmaq üzrə lider olublar. Onlar 3 200 şirkət yaratmaqla Belarus vətəndaşlarını 1 200 şirkətlə qabaqlayıblar və bu göstərici 2024-cü ilin rekordunu təkrarlayıb.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.