"Rasim Balayevin dəyərini də həm xalq, həm də kinosevərlər yaxşı bilirdi. Hətta “Rasimsevərlər” adlı ordusu vardı".
Bunu "Cebheinfo.az"-a açıqlamasında Əməkdar jurnalist, pedaqoq, "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri Etibar Babayev Rasim Balayevlə vida mərasimində deyib.

O qeyd edib ki, bu böyük itki yalnız xalqımız üçün deyil, ümumilikdə sənətsevərlər üçün də ağırdır:
"Rasim Balayevin sənəti Azərbaycanın sərhədlərini çoxdan aşmışdı. Xüsusilə kino ekranında yaratdığı obrazlarla onun pərəstişkarları üçün Azərbaycan sənəti, mədəniyyəti, teatr və kino harada yaşamalarından asılı olmayaraq çox qiymətli idi".
Etibar Babayev bildirib ki, Rasim Balayevlə onu uzun illərə dayanan dostluq münasibətləri birləşdirib:
"O, mənim tələbəlik illərimdən dostum olub və biz hər zaman onunla fəxr etmişik. Onun hər bir uğuruna sevinmişik. O, istər ekranda, istər səhnədə, istərsə də bədii qiraət ustası kimi oxuduğu şeirlərlə yadda qalıb.
Onun ifasında səslənən poeziya nümunələrini sevə-sevə dinləmişik. Hətta eyni əsəri dəfələrlə dinlədikdə belə, hər dəfə özümüz üçün yeni çalarlar və mənalar kəşf etmişik. O, bizə poeziyanı nümunələrini də daha çox sevdirib".
Əməkdar jurnalist vurğulayıb ki, bu itki hər kəsi dərindən kədərləndirir:
"Hər kəs bu dünyadan köçür, amma köçmək də fərqli olur. Biz bu gün çox kədərliyik, amma eyni zamanda bir təsəllimiz də var, dostumuz, xalqımızın böyük ustad sənətkarı, böyük şəxsiyyəti, səmimi insanı Azərbaycan xalqının sevgisi və hörməti ilə əbədiyyətə qovuşur. Onun sənəti əbədi yaşayacaq. Biz onun yaratdığı qəhrəmanları mavi ekranda yenə də tez-tez görəcəyik.
Qəbrini də ziyarət edəcəyik. Amma ən böyük ziyarətgah onun üçün qəlbimizdə bəslədiyimiz əbədi sevgi olacaq. Çünki bizim, şəxsən mənim də bir vətəndaş kimi yetişməyimdə onun sənətinin, şəxsiyyətinin və dostluğunun xüsusi yeri var və hər zaman yeri görünəcək".