RU

Netanyahunun “bufer” PLANI: Böyük müharibənin anonsu?

Yaxın Şərqdə onsuz da gərgin olan hərbi-siyasi vəziyyət Binyamin Netanyahu hökumətinin Livanın cənubunda təhlükəsizlik bufer zonasını genişləndirmək qərarı ilə yeni mərhələyə daxil ola bilər. Bu addımın İsrail ilə Livan arasındakı həssas balansı necə dəyişəcəyi, eləcə də Hizbullah faktorunun proseslərə mümkün təsiri beynəlxalq səviyyədə ciddi müzakirə olunur. Görəsən, bu qərar regionda genişmiqyaslı qarşıdurma riskini artıracaqmı?

Rus

Züriyyə Qarayeva

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, bu addım faktiki olaraq sərhəd xəttinin “dərinləşdirilmiş müdafiə” konsepsiyası əsasında yenidən qurulması deməkdir. Onun sözlərinə görə, bu strategiya xüsusilə Hizbullahın raket və diversiya imkanlarını İsrail ərazisindən daha uzaqda saxlamağa hesablanıb.

“Bufer zonanın genişləndirilməsi qısa müddətdə İsrail üçün müəyyən taktiki üstünlüklər yarada bilər. Lakin bu addım qarşı tərəfin reaksiyasını daha da sərtləşdirəcək. Hizbullah bu qərarı Livanın suverenliyinə təhdid kimi qiymətləndirərək cavab zərbələrinin miqyasını genişləndirə bilər. Bu isə lokal toqquşmaların daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi riskini artırır”.

Politoloqun fikrincə, bufer zonanın genişlənməsi Livan ərazisində faktiki nəzarət xəttinin dəyişməsi anlamına gəldiyindən, bölgədə qeyri-sabitliyin və müxtəlif insidentlərin artması ehtimalını yüksəldir.

“Bu qərar regionda onsuz da həssas olan balansı daha da pozur və beynəlxalq reaksiyaların sərtləşməsinə səbəb ola bilər. Onun sözlərinə görə, Livan hökuməti və digər regional aktorlar bu addımı ərazi bütövlüyünün pozulması kimi təqdim edərək diplomatik təzyiqləri artırmağa çalışacaqlar.

Yaranmış vəziyyət ABŞ və digər Qərb müttəfiqlərini də çətin seçim qarşısında qoyur. Belə ki, bir tərəfdən İsrailin təhlükəsizlik narahatlıqları, digər tərəfdən isə regionda eskalasiyanın qarşısını almaq zərurəti arasında balans tapmaq tələb olunur”.
Nəticə etibarilə, politoloq hesab edir ki, təhlükəsizlik bufer zonasının genişləndirilməsi qısa müddətdə taktiki üstünlük versə də, uzunmüddətli perspektivdə regionda qeyri-sabitliyi dərinləşdirən və diplomatik həll imkanlarını zəiflədən faktor kimi çıxış edə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
29
1
konkret.az

2Источники