RU

G7 neft ehtiyatlarının əlavə olaraq bazara buraxılmasına hazır olduğunu açıqlayıb

Enerji bazarında sabitliyin qorunması üçün koordinasiyalı addımların davam etdirilməsi mümkün sayılıb...

Poliqon xəbər verir ki, bu barədə Kyodo News Agentliyi məlumat yayıb. G7 ölkələri yaydıqları birgə bəyanatda enerji bazarının sabitliyi və təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görməyə hazır olduqlarını bildiriblər.

Məlumata görə, bəyanat G7-yə üzv ölkələrin maliyyə nazirləri, energetika üzrə məsul şəxsləri və mərkəzi bank rəhbərlərinin onlayn sammitinin yekunları əsasında qəbul edilib. Görüş zamanı ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatın qlobal enerji bazarına təsirləri müzakirə olunub.

Sənəddə bütün ölkələrə neft məhsulları üzrə “əsassız ixrac məhdudiyyətlərindən çəkinmək” çağırışı edilib. Eyni zamanda, G7 üzvləri beynəlxalq tərəfdaşlarla sıx koordinasiyada fəaliyyət göstərəcəklərini və vəziyyətin inkişafına uyğun olaraq əlavə görüşlər keçirməyə hazır olduqlarını bəyan ediblər.

Bəyanatda həmçinin qrupun Rusiya ilə bağlı təzyiq siyasətini davam etdirmək niyyətində olduğu bir daha təsdiqlənib. Qeyd edilib ki, bu addımlar enerji bazarlarında tarazlığın qorunmasına yönəlib.

Hazırda G7-yə Fransanın sədrlik etdiyi bildirilir. Qrupa Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Avropa İttifaqı daxildir.

Kyodo News Agentliyinin məlumatına görə, Yaponiya digər üzv ölkələrlə birlikdə strateji neft ehtiyatlarının əlavə və koordinasiyalı şəkildə bazara buraxılması üçün hazırlıq tədbirləri görməyi planlaşdırır. Bu proses Beynəlxalq Enerji Agentliyi tərəfindən nəzərdən keçirilir. Agentlik 32 üzv ölkəni, o cümlədən G7 dövlətlərini birləşdirir.

Xatırladaq ki, cari ayın əvvəlində Beynəlxalq Enerji Agentliyi ümumi həcmi 400 milyon bareldən çox olan neft ehtiyatlarının bazara buraxılmasına artıq start verib. Bu addım qlobal enerji bazarında yaranan gərginliyin azaldılması və qiymətlərin sabitləşdirilməsi məqsədi daşıyır.

Poliqon.info

Избранный
27
poliqon.info

1Источники