RU

31 Mart unudulmayan tarix, silinməyən yaddaşdır

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

31 mart Azərbaycan tarixində ən kədərli və unudulmamalı günlərdən biridir. 1998-ci ildə Heydər Əliyev tərəfindən imzalanmış fərmanla 31 mart rəsmi olaraq “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. 1918-ci ilin mart ayının son günlərində, xüsusilə Bakı şəhərində və ətraf bölgələrdə çox ağır hadisələr baş verdi. Həmin dövrdə hakimiyyət uğrunda mübarizə, siyasi qarışıqlıq və müharibə şəraiti var idi. Bakı Sovetinin rəhbərliyi altında silahlı dəstələr şəhərdə hakimiyyəti ələ keçirmək üçün hərəkətə keçdi. Bu qüvvələrə Daşnaktsütyun silahlıları da qoşulmuşdu. Gərginlik bir neçə gün ərzində açıq toqquşmaya çevrildi. Bu vəziyyətdən istifadə edən silahlı dəstələr dinc azərbaycanlı əhaliyə qarşı hücumlar etdilər.Bu hadisələr zamanı minlərlə günahsız insan, qadınlar, uşaqlar, qocalar amansızcasına öldürüldü. Evlər yandırıldı, kəndlər yerlə-yeksan edildi. İnsanlar öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Bu faciə təkcə Bakıda deyil, Şamaxı, Quba, Lənkəran və digər bölgələrdə də baş verdi.Xüsusilə Quba şəhərində kütləvi məzarlıqlar aşkar edilmişdir ki, bu da həmin hadisələrin miqyasını bir daha sübut edir. Bu məzarlıqlarda yüzlərlə günahsız insanın qalıqları tapılmışdır.Bu faciə tarixə "Mart soyqırımı" kimi düşdü və Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı. 31 mart yalnız keçmişi xatırlamaq günü deyil, həm də gələcək nəsillərə tariximizi öyrətmək günüdür. Bu hadisələr bizə göstərir ki, sülhün və birliyin qorunması nə qədər vacibdir.31 mart faciəsi yalnız keçmişdə qalmış bir hadisə deyil, bu, xalqın yaddaşına həkk olunmuş, zaman keçdikcə daha dərindən dərk edilən bir tarixdir.Bu gün həmin hadisələrə yalnız kədər hissi ilə deyil, həm də məsuliyyətlə yanaşmaq vacibdir. Çünki bu tarix təkcə itkilərin deyil, həm də milli kimliyin, birliyin və dirəniş ruhunun formalaşmasında mühüm rol oynayıb. Bakıdan Şamaxıya, Qubadan digər bölgələrə qədər baş verənlər xalqın yaddaşında silinməz iz buraxdı.31 mart — sükutun danışdığı, yaddaşın susmadığı gündür. Bu tarix bizi birləşdirir, ayıq saxlayır və gələcəyə daha möhkəm addımlamağa səsləyir.Dürdanə Qaraşova, Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsinin hüquqi işlər üzrə müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
newscenter.az

2Источники