RU

Azərbaycanda insanlar arasında virus yayılıb

Havaların temperaturu, rütubət və günəş işığının miqdarı dəyişdikcə insan orqanizminin buna uyğunlaşması müəyyən zaman tələb edir. Bu keçid dövründə xüsusilə payız və yaz aylarında soyuqdəymə, qrip, eləcə də müxtəlif allergik reaksiyalar daha çox özünü büruzə verir. İmmunitet sistemi yeni iqlim şəraitinə adaptasiya olmağa çalışarkən həssaslaşdığından bir çoxlarında halsızlıq və yoluxma halları artır.

“Yeni Sabah” xəbər verir ki, həkim, terapevt Sübhan Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, insan digər canlılar kimi təbiətlə sıx əlaqədədir:

“Təsadüfi deyil ki, təbiətdə mövcud olan makro və mikroelementlər insan orqanizmində də mövcuddur. Fəsil dəyişiklikləri də bu baxımdan orqanizmə müəyyən təsir göstərir. Gənc və sağlam insanlarda bu təsirlər adətən qabarıq hiss olunmur, çünki orqanizm uyğunlaşma prosesini daha sürətlə həyata keçirir. Lakin bəzi insanlarda, xüsusilə immunoloji problemləri olanlarda, yaşlılarda, xroniki xəstəliklərdən əziyyət çəkənlərdə və bəzən uşaqlarda yaz və payız aylarında müəyyən xəstəliklər daha aydın şəkildə özünü göstərir. Bu xəstəliklər arasında ilk növbədə allergik xəstəliklər yer alır. Yaz aylarında bitkilərin çiçəklənməsi nəticəsində yayılan polenlər tənəffüs yollarına daxil olaraq histamin reseptorlarını qıcıqlandırır və allergik reaksiyalara səbəb olur. Nəticədə asqırma, quru öskürək, boğazda qıcıqlanma, burun axması kimi simptomlar meydana çıxır”.

O qeyd edib ki, bu mövsümlərdə kəskin respirator virus infeksiyaları da daha çox yayılır:

“Bu dövrdə immun sisteminin yenidən uyğunlaşma mərhələsində olması səbəbindən orqanizmin müqaviməti bir qədər zəifləyə bilər. Nəticədə rinovirus, adenovirus, qrip virusu və COVID-19 kimi infeksiyalara yoluxma riski artır. Bütün bunları nəzərə alaraq, bir sıra profilaktik tədbirlərə riayət etmək vacibdir. İlk növbədə, insanlar fəsilə uyğun geyinməli, kifayət qədər su qəbul etməli və mövsümə uyğun meyvə-tərəvəzlərdən bol istifadə etməlidirlər. Çünki həmin dövrdə orqanizmin ehtiyac duyduğu qida maddələri məhz bu məhsullarda daha çox olur. Eyni zamanda xroniki xəstəlikləri olan şəxslər öz sağlamlıqlarını nəzarətdə saxlamalıdır. İmmun sisteminin gücləndirilməsi isə kompleks yanaşma tələb edir. Gün ərzində kifayət qədər yuxu almaq, müntəzəm fiziki aktivliklə məşğul olmaq və balanslı qidalanmaq bu baxımdan mühüm rol oynayır. Əlavə olaraq, xəstəliklərə yoluxma hallarında və ya profilaktik məqsədlə vitamin C, vitamin D, sink və selen kimi mikroelementlərdən həkim məsləhəti ilə istifadə etmək faydalı ola bilər”.


Telegram kanalımız
Избранный
14
1
yenisabah.az

2Источники