RU

“Bu faciələri anmaqla yanaşı, onlardan nəticə çıxarmalıyıq” – Nadir Azəri

Azərbaycan xalqı tarix boyu ağır faciələrlə üzləşib və bunlardan biri 1918-ci ilin mart soyqırımıdır. Minlərlə günahsız insanın qətlə yetirilməsi təkcə milli faciə deyil, həm də insanlığa qarşı törədilmiş ağır cinayətdir. Bu hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması və tarixi yaddaşın qorunması hələ də aktuallığını saxlayır.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri QHT.az-a açıqlamasında bildirib ki, zaman-zaman xalqımıza qarşı törədilən soyqırımlarının əsas iştirakçısı ermənilər olsa da, bəzən bu cinayətlərin həyata keçirilməsinə xarici güclərin də təsir göstərdiyi unudulmamalıdır.

Nadir Azəri vurğulayıb ki, bu gün fərqli reallıq mövcuddur: “44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, dövlətin gücünü və milli iradəni ortaya qoydu. Bu, həm də tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələ oldu. Ardınca Xocalı soyqırımı və xalqımıza qarşı digər cinayətlər törədənlərin bir qisminin məsuliyyətə cəlb olunması artıq konkret nəticələrin əldə edildiyini göstərir”.

O qeyd edib ki, dövlət bu istiqamətdə qətiyyətli və davamlı addımlar atır, lakin xalq olaraq da fəaliyyətimizdə öncüllük təşkil etməliyik: “Bu faciələri anmaqla yanaşı, onlardan nəticə çıxarmalıyıq. Xüsusilə gənclər, QHT-lər və media tarixi həqiqətlərin, o cümlədən 31 mart soyqırımı da daxil bütün soyqırımlar haqqında beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılması istiqamətində fəaliyyət göstərməlidir. Həmçinin, hüquqi müstəvidə mübarizə, yəni cinayətkarların istər real, istərsə də qiyabi şəkildə məsuliyyətə cəlb olunması davam etməlidir. Tarixin o başında xalqımıza qarşı törədilmiş soyqırımlarda əli olan, iştirak edən, lakin həyatda olmayanlar barədə də beynəlxalq səviyyədə hüquqi qərarlar qəbul edilməlidir. Ən əsası isə milli yaddaşın qorunması və bu hadisələrin gələcək nəsillərə düzgün və dolğun şəkildə ötürülməsidir”.

Zəhra Ağayeva

Избранный
48
qht.az

1Источники