Bayram tətili günlərində Azərbaycanda kriminal xəbərlər diqqət çəkib. Qətllər, zorakılıq, narkotik əməliyyatları, silahlı münaqişələr – sanki ölkənin müxtəlif bölgələrindən gələn xəbərlər eyni mənzərəni göstərir.
Musavat.com bildirir ki, son günlərin ən sarsıdıcı hadisələrindən biri Şəmkir rayonunda baş verib.
Rayonun Qaracəmirli kəndində 33 yaşlı Anar Allahverdiyev 66 yaşlı anası Çiçək Sərdarovanı küt alətlə qətlə yetirib. Məlumata görə, qadın uzun illər kənd məktəbində müəllim işləyib. Hadisənin ən dramatik tərəfi isə bundan sonra baş verib. Qətli törədən şəxs üzərinə yanacaq tökərək özünü yandırıb və həyatını itirib. Faktla bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.


Ölkədə rezonans doğuran digər hadisə isə Daşkəsəndə qeydə alınıb. İlkin məlumatlara görə, 24 yaşlı gənc 65 yaşlı qadına qarşı seksual zorakılıq törətməkdə şübhəli bilinir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Bu fakt sosial şəbəkələrdə və ictimai müzakirələrdə böyük narazılıq doğurub.
Ekspertlər bildirirlər ki, son illər zorakılıq və seksual cinayətlərin sayında artım müşahidə olunur.
Paytaxtda baş verən başqa bir hadisə isə silahlı münaqişə ilə nəticələnib. Xəzər rayonunun Zirə qəsəbəsində şəxsi mübahisə zəminində 1959-cu il təvəllüdlü kişi ov tüfəngi ilə atəş açaraq 1956-cı il təvəllüdlü şəxsi qətlə yetirib. İlkin məlumata görə, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açıb. Onun əsas hədəfinin 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirov olduğu bildirilir. Atəş nəticəsində isə gözlənilməz hadisə baş verib. Məmmədhüseyn Əmirovun atası – 1956-cı il təvəllüdlü Vaqif Əmirov güllə yarası alaraq hadisə yerində həyatını itirib. Beləliklə, silahlı hücumun hədəfi oğul olsa da, güllə atasının həyatına son qoyub.

İstintaqın ilkin nəticələrinə görə, Cavanşir Muradov yalnız bir nəfərə atəş açmayıb. Araşdırma zamanı onun başqa bir şəxsə – Ruslan Əliyevə də silahdan atəş açaraq öldürməyə cəhd etdiyi müəyyən edilib. Bu səbəbdən hadisə artıq iki nəfərin öldürülməsi cəhdini də əhatə edən ağır cinayət işi kimi araşdırılır. Hadisədən dərhal sonra polis əməkdaşları əməliyyat tədbirləri keçirərək Cavanşir Muradovu saxlayıblar. Ondan cinayətdə istifadə edilən ov tüfəngi götürülüb.
Xəzər Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi – qəsdən adam öldürmə
29 və 120.2.7-ci maddələri – iki və daha çox şəxsi öldürməyə cəhd üzrə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Narkotik əməliyyatları: onlarla kiloqram maddə müsadirə edildi
Daxili İşlər Nazirliyinin son əməliyyatları zamanı ölkədə böyük miqdarda narkotik vasitələr dövriyyədən çıxarılıb.
Bir neçə əməliyyat nəticəsində onlarla kiloqram narkotik vasitə, həmçinin yüzlərlə psixotrop həb aşkar edilərək müsadirə olunub. Eyni zamanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən çoxsaylı şəxslər saxlanılıb.
Azərbaycanda İran vətəndaşının saxlanılması ilə bağlı yeni məlumat yayılıb. Son xəbərlərə görə, hüquq-mühafizə orqanları narkotik dövriyyəsi ilə əlaqəli əməliyyat zamanı iranlı şəxsi həbs edib. Məlumata görə, polis Ağcabədi rayonunda keçirilən əməliyyat tədbirləri zamanı İran vətəndaşını və bir Azərbaycan vətəndaşını saxlayıb. Onlar böyük miqdarda heroini satmağa cəhd göstərməkdə şübhəli bilinir. İlkin araşdırma zamanı müəyyən edilib ki, şübhəlilər narkotik maddəni ölkə daxilində satmaq niyyətində olublar. Əməliyyat nəticəsində heroin partiyası müsadirə olunub və hər iki şəxs barəsində cinayət işi başlanıb.

Son vaxtlar İranla bağlı təhlükəsizlik hadisələri artıb
Qeyd edək ki, son aylarda Azərbaycan-İran münasibətlərində gərginlik fonunda təhlükəsizlik məsələləri daha çox diqqət mərkəzinə düşüb. Mart ayında Azərbaycan təhlükəsizlik qurumları İranla əlaqəli olduğu iddia edilən bir neçə terror planının da qarşısını aldıqlarını açıqlamışdılar. Ekspertlərin fikrincə, bu cür əməliyyatlar narkotik qaçaqmalçılığı və mümkün təxribatların qarşısını almaq məqsədi daşıyır.
Bir gündə onlarla saxlanılan
Polisin gündəlik əməliyyat məlumatlarında isə demək olar ki, hər gün onlarla saxlanılanın olduğu bildirilir. Son əməliyyatlarda müxtəlif cinayətlərdə şübhəli bilinən onlarla şəxs saxlanılıb, axtarışda olan şəxslər tutulub. Qanunsuz silahlar və digər sübutlar götürülüb.
Kriminal xəbərlərin sayının artması cəmiyyətdə də ciddi müzakirə mövzusuna çevrilib. Hüquqşünaslar hesab edir ki, sosial gərginlik, narkotik dövriyyəsi və ailədaxili münaqişələr ağır cinayətlərin artmasında mühüm rol oynayır. Ekspertlərin fikrincə, profilaktik tədbirlərin gücləndirilməsi və hüquqi mexanizmlərin daha sərt tətbiqi bu cür cinayətlərin qarşısının alınmasında əsas vasitələrdən biri ola bilər.
E.Məmmədəliyev,
Musavat.com