RU

İsrail İranın "raket beynini" vurdu: Ballistik başlıq zavodu artıq yoxdur

İsrail Müdafiə Qüvvələri (SAXAL) ötən gecə Tehran daxilində İranın hərbi sənaye kompleksinin "ürəyi" sayılan strateji obyektlərə endirilən sarsıdıcı hava zərbələrinin təfərrüatlarını açıqlayıb.

Musavat.com xəbər verir ki, ordunun yaydığı rəsmi məlumata görə, hədəf alınan nöqtələr arasında İsrail ərazisinə atılmaq üçün hazırlanan ballistik raketlərin döyüş başlıqlarının istehsal edildiyi və partlayıcı maddələrlə təchiz olunduğu gizli zavod da var. SAXAL-ın hesabatında qeyd olunur ki, bu zərbələr İranın raket potensialını uzun müddətə iflic etmək məqsədi daşıyır.

Məhv edilən hərbi obyektlərin siyahısı:

Ballistik raket zavodu: Ballistik raketlərin gövdələrinin tökülməsi və onların partlayıcı başlıqlarla təchizatı prosesinin həyata keçirildiyi əsas istehsal mərkəzi sıradan çıxarılıb.

Elmi-Tədqiqat Kompleksi: Müasir silahlar üçün komponentlərin işlənib hazırlandığı strateji laboratoriyalar və raket hissələrinin istehsal meydançaları darmadağın edilib.

Tank əleyhinə və kiçik çaplı raket mərkəzi: Tank əleyhinə raketlər, habelə "yer-hava" tipli kiçik raketlərin tədqiqatı və kütləvi istehsalı ilə məşğul olan kompleks hədəf alınıb.

Hava Hücumundan Müdafiə (HHM) mövqeləri: Hücum zamanı İsrail qırıcılarına mane olmağa çalışan zenit-raket kompleksləri və buraxılış qurğuları öncədən müəyyən edilərək məhv edilib.

Hərbi ekspertlər bildirirlər ki, Tehran ətrafındakı bu hədəflərin vurulması İranın hərbi sənayesinə son illərin ən ağır zərbəsidir. Xüsusilə raket mühərrikləri və komponentlərinin istehsal edildiyi 40-a yaxın müəssisənin ciddi zərər görməsi İranın həm daxili müdafiə qabiliyyətini, həm də regiondakı proksi qüvvələrini (Hizbullah, husilər) silahla təmin etmək imkanlarını minimuma endirib. İsrail tərəfi əməliyyatın uğurla başa çatdığını və bütün təyyarələrin itkisiz geri döndüyünü bəyan edib. Hazırda Tehranda vurulan hərbi obyektlərdə güclü yanğınların davam etdiyi və ərazinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən tamamilə mühasirəyə alındığı xəbər verilir.

Musavat.com

Избранный
17
musavat.com

1Источники