RU

Uğur gözləntisi və psixoloji böhran: Cinayətlərə səbəb olan ailə basqısı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Şəmkir rayonunun Qaracəmirli kənd sakini, 1960-cı il təvəllüdlü Sərdarova Çiçək Xəlil qızı balta ilə qətlə yetirilib. Qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib. Məlumata görə, A.Allahverdiyev Azərbaycan Texnologiya Universitetinin məzunu olub. O, bir neçə dəfə iş üçün imtahan versə də, qəbul ola bilməyib. Sonuncu dəfə də verdiyi imtahandan keçə bilməyən Anarın psixoloji böhran keçirdiyi, hadisəni də bu zəmində törətdiyi bildirilir.Şəmkir rayonunda baş verən ağır ailə faciəsi cəmiyyətdə bir sıra həssas problemləri yenidən gündəmə gətirib. Hadisənin təfərrüatları göstərir ki, fərdin psixoloji durumu ilə yanaşı, sosial və şəxsi çətinliklər də bu cür nəticələrə təsir edə bilər.Məsələyə sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında münasibət bildirib ki, sosial və psixoloji problemlərin cinayətdə birbaşa rolu var:“Biz bunu bilməli və qəbul etməliyik. Cəmiyyətdə cinayəti azaldan əsas amillərdən biri sosial-iqtisadi problemlərin həll olunmasıdır. İqtisadi problemlərin daha az olduğu ölkələrdə qətl və oğurluq kimi cinayətlər də daha az baş verir. Bu artıq sübuta yetirilib. Bu cinayətlər nəticədir, biz isə səbəbləri axtarmalıyıq. Söhbət ondan getmir ki, bütün səbəblər yalnız sosial-iqtisadi problemlərlə bağlıdır - xeyr. Sosial-iqtisadi problemi olmayan insan da qudurğanlıqdan və ya harınlıqdan cinayət törədə bilər. Bu, ayrı bir məsələdir. Amma əsas məqam ondan ibarətdir ki, bir çox cinayətlərin kökündə sosial, iqtisadi və maddi çətinliklər dayanır. Biz bunu başa düşməli və dərk etməliyik. Bu hadisə də, məncə, həmin qəbildən ola bilər. Hərçənd, hadisəni yerində araşdırmaq vacibdir, amma bu ehtimalı da nəzərə almaq lazımdır”.Sosioloq Mail Yaqub məsələ ilə bağlı qeyd edib ki, bu tip cinayətləri sadəcə fərdi hadisə kimi yox, həm də sosial-iqtisadi faktorların təzahürü kimi qiymətləndirmək lazımdır. Ekspert hesab edir ki, iqtisadi sabitlik və işsizlik probleminin həlli cinayət hallarının azalmasına birbaşa təsir göstərir. Onun sözlərinə görə gənclər üçün məşğulluq imkanlarının yaradılması bu cür ağır cinayətlərin qarşısının alınmasında mühüm mexanizmdir.Şəmkirdə baş verən bu hadisə gənclərin üzərindəki təhsil və karyera təzyiqinin hansı həddə çatdığını göstərən acı bir nümunədir. Azərbaycan Texnologiya Universitetinin məzunu olan gəncin dəfələrlə imtahan verməsi, lakin hər dəfə uğursuzluqla qarşılaşması onun mənəvi durumuna sarsıdıcı zərbə vurub. Cəmiyyətin və ailənin gəncdən mütləq "uğur" və "diploma uyğun iş" gözləntisi fərdin üzərində dözülməz bir yükə çevrilir.Təhsil illərini bitirib cəmiyyətə atılan gənclər çox vaxt yalnız bilikləri ilə deyil, həm də ətrafın "nə vaxt işə düzələcəksən" sualları ilə mübarizə aparmalı olurlar. Xüsusən regionlarda ali təhsilli olub işsiz qalmaq fərdin özünü yararsız hiss etməsinə və dərin depressiyaya düşməsinə səbəb olur. Bu hadisədə də imtahan baryerini aşa bilməmək gəncin daxili dünyasında böyük bir qırılma yaradıb və topladığı gərginlik sonda ən yaxın doğmasına qarşı şiddətə çevrilib.Sosioloqun qeyd etdiyi kimi, bir çox cinayətlərin kökündə maddi çətinliklər və gənclərin özlərinə iş tapa bilməməsi dayanır. Lakin burada psixoloji amil də mühüm rol oynayır. Ailənin dəstəyi və anlayışı yerinə gəncin üzərinə qoyulan "imtahandan mütləq keçməlisən" tələbi insanı psixoloji böhrana sürükləyir. Təhsilin və işin bir həyat mübarizəsi deyil, ölüm-dirim məsələsi kimi təqdim edilməsi bəzən geri dönüşü olmayan faciələrlə nəticələnir.Hadisənin digər tərəfi isə psixoloji xidmətlərin əlçatanlığı və ailə daxilində bu cür halların vaxtında müəyyən edilməsidir. Bu faciə həm də ailə üzvlərinin bir-birinə qarşı olan davranışlarında psixoloji durumun nə qədər həlledici olduğunu bir daha sübut edir.Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir. Hadisənin dəqiq səbəbləri və təqsirləndirilən şəxsin psixi vəziyyəti barədə yekun rəy aparılacaq ekspertizalar nəticəsində bəlli olacaq.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
demokrat.az

1Источники