RU

Sızdırılan danışıqlar Macarıstanın Aİ-də Kremlin maraqlarını müdafiə etdiyini göstərib

Lavrov–Siyyarto telefon danışığı qeydləri Budapeştin sanksiyalar və Ukrayna məsələsində Moskva ilə koordinasiyasını üzə çıxarıb...

Poliqon xəbər verir ki, “The Insider” nəşrinin əldə etdiyi telefon danışığı qeydləri Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Macarıstanın xarici işlər naziri Peter Siyyarto arasında sıx əlaqələri ortaya qoyur.

Məlumata görə, bu danışıqlar Macarıstanın Avropa İttifaqı daxilində Kremlin maraqlarını lobbi etdiyini göstərir. Söhbətlərdə sanksiyaların yumşaldılması və Ukraynaya təzyiqlərin artırılması kimi məsələlər müzakirə olunub.

Bildirilir ki, 2024-cü il avqustun 30-da Lavrov rusiyalı oliqarx Alişer Usmanovun xahişi ilə Siyartoya zəng edərək onun bacısı Gülfəxor İsmayılovanın Aİ sanksiya siyahısından çıxarılması məsələsini müzakirə edib. Siyyarto Macarıstanın Slovakiya ilə birlikdə bu istiqamətdə təşəbbüs irəli sürəcəyini təsdiqləyib və nəticədə 2025-ci ilin mart ayında İsmayılovaya qarşı sanksiyalar ləğv olunub.

Nəşr qeyd edir ki, bu danışıq Macarıstanın Rusiya ilə davamlı əlaqələrinin yalnız bir nümunəsidir. İddialara görə, Siyyarto təkcə Kremlin xahişlərini yerinə yetirməklə kifayətlənməyib, eyni zamanda Aİ-nin Xarici İşlər Şurasında aparılan müzakirələr barədə Lavrovu məlumatlandırıb və daxili proseslərlə bağlı detalları bölüşüb.

Digər telefon danışığı qeydlərində isə Siyartonun Rusiya rəsmilərinə Aİ-nin sanksiya planları, bank və şirkətlərə qarşı tədbirləri barədə əvvəlcədən məlumat verdiyi və bəzi hallarda Macarıstan və Rusiya maraqları üçün istisnalar əldə etməyə çalışdığı bildirilir.

“The Insider” vurğulayır ki, bu materiallar Macarıstanın Aİ daxilində sistemli şəkildə Rusiyanın maraqlarını irəli sürdüyünü göstərir. Bu, həm sanksiyaların zəiflədilməsi istiqamətində fəaliyyətləri, həm də Avropa diplomatik dairələrində müzakirə olunan planların sızdırılmasını əhatə edir.

Məlumatların rəsmi təsdiqi hələlik verilməsə də, analitiklər hesab edirlər ki, bu iddialar doğru olarsa, Aİ daxilində siyasi gərginliyi artıra və birlik daxilində etimad böhranına səbəb ola bilər.

Poliqon.info

Избранный
12
poliqon.info

1Источники