RU

Pediatr xəbərdarlıq edir: yazda uşaqları bunlardan qorumaq LAZIMDIR

Yazın gəlişi ilə birlikdə uşaqlarda bəzi xəstəliklər artır və biz bunu müşahidə edirik. Burada həm havanın dəyişkənliyi, həm də temperaturun yüksəlməsi rol oynayır. Havalar isinərkən təbiətdə alergenlərin miqdarı artır və müəyyən xəstəliklər baş qaldırmağa başlayır.

Bu sözləri AzEdu.az-a açıqlamasında pediatr Şəlalə Poluxova söyləyib. 

O qeyd edib ki, açıq havada vaxt keçirərkən uşaqların allergiyalarına və mədə-bağırsaq infeksiyalarına diqqət yetirmək vacibdir:

"Ən çox rast gəlinən xəstəliklərdən biri uşaqlarda yuxarı tənəffüs yollarının infeksiyalarıdır. Havalar çox dəyişkən olduğundan bu viruslar hələ də aktivdir. Uşaqlarda burun axıntısı, boğaz ağrısı kimi simptomlar müşahidə olunur; qış aylarındakı qədər şiddətli olmasa da, hələ də davam edir.

İkinci sırada isə allergik xəstəliklər gəlir. Məsələn, uşaqlarda çiçək tozlarının artması ilə əlaqədar burun tıxanıqlığı, burun axıntısı, asqırma, göz yaşarması kimi simptomlarla özünü göstərir. Yazın gəlişi ilə astmalı uşaqlarda tutmalar da kəskinləşə bilər.

Havaların isinməsi ilə mədə-bağırsaq infeksiyaları da artmağa başlayır, xüsusilə rotavirus və digər virus infeksiyaları. Açıq havada vaxt keçirərkən uşaqların allergiyalarına və mədə-bağırsaq infeksiyalarına diqqət yetirmək vacibdir. Bununla yanaşı, bəzi dəri problemləri və digər allergik reaksiyalar da meydana çıxa bilər, çünki yazla birlikdə mövsüm dəyişir və qidalar rasiona əlavə olunur.

Valideynlər üçün diqqət etməli olduqları əsas məqamlar: havalar dəyişkəndir və uşağı düzgün geyindirmək çətin ola bilər. Az geyindirirsə, üşüyür; çox geyindirirsə, tərləyir. Buna görə uşaqları bir neçə nazik qat şəklində geyindirmək məsləhətdir. Körpələr üçün valideyn özünü rahat hiss etdiyi geyimdən bir qat əlavə kifayətdir. Böyük uşaqlar üçün isə valideynin özünün komfortlu temperaturunu nəzərə alaraq geyindirmək yetərlidir".

Çiçək tozlarının çoxluğu bəzi xəstəlikləri yaratmır, lakin mövcud allergik şikayətləri gücləndirir:

"Ümumilikdə, valideynlər uşaqların gigiyenasına diqqət etməli, onlara əl yuma vərdişlərini öyrətməli və təşviq etməlidirlər. Qidalanma çox önəmlidir; mövsümə uyğun meyvə-tərəvəzlər və balanslı, zəngin rasion təmin edilməlidir.

Günəşdən qorunma çox önəmlidir, çünki bu dövrdə günəş şüaları daha aktiv olur. Uşaqların günəş altında vaxt keçirməsi vacib olsa da, günəşin intensiv olduğu saatlarda - təxminən 11:00-dan 15:00-ə qədər açıq havada qalma müddəti məhdudlaşdırılmalıdır. Bu zaman başı qoruyan papaqlar və üz üçün SPF kremlər mütləq istifadə olunmalıdır.

Ümumiyyətlə, günəş şüalarının intensiv olduğu saatlarda uşaqlar uzun müddət çöldə qalmamalıdır. Çiçək tozlarının çoxluğu bəzi xəstəlikləri yaratmır, lakin mövcud allergik şikayətləri gücləndirir. Buna görə uşaqların açıq havada qalma müddəti məhdud olmalıdır, xüsusilə allergiyaya meyilli uşaqlarda. Vitamin məsələsi də aktualdır. Profilaktik olaraq uşağa hər dərmanı vermək düzgün deyil və yalnız həkim göstərişi ilə vitamin qəbul etdirilməlidir. Bəzən valideynlər qonşudan eşitdikləri məlumatlara əsaslanaraq uşağa dərman verməyə çalışırlar, məsələn: “Qonşunun uşağına bu dərman verildi, mən də uşağıma verəcəm, xəstələnməzsən". Lakin bu doğru yanaşma deyil. Ümumiyyətlə, uşağın balanslı və normal qidalanması varsa, əlavə vitamindən çox vaxt ehtiyac olmur.

Ancaq bəzi uşaqlarda, məsələn, iştahsızlığı olan və lazımınca qida qəbul etməyənlərdə, həkim göstərişi ilə vitaminlər verilə bilər. Xüsusilə D vitamini, uşağın günəş şüaları az görürsə, açıq havada az vaxt keçirirsə və qanda səviyyəsi aşağıdırsa, tövsiyə oluna bilər. D vitamini immun sistemi üçün çox önəmli vitamindir.

Allergiya ilə bağlı da valideynlər bəzən simptomları müvəqqəti yüngülləşdirmək üçün dərman və göz damcıları istifadə edirlər. Lakin bu yalnız qısa müddət təsir göstərir və sonradan uşağın vəziyyəti daha da ağırlaşaraq həkim müdaxiləsinə ehtiyac yarada bilər. Buna görə belə hallarda, xüsusilə allergiya və digər problemlərdə, həkim nəzarəti altında müalicə aparılmalıdır".

Избранный
31
azedu.az

1Источники