RU

31 mart soyqırımı- insanlığa qarşı ən ağır cinayət idi

Son iki yüz il ərzində ermənilərin öz havadarlarının köməyi ilə “böyük Ermənistan” yaratmaq kimi xülyalarını həyata keçirmək istiqamətində atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllər və soyqırımı aktlarıilə nəticələnib. XX əsrin əvvəllərində ermənilər təkcə hazırda Ermənistan adlanan ərazidə deyil, Cənubi Azərbaycanda, Borçalıda, Bakı quberniyasında, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar, terror və digər zorakılıq aktları həyata keçiriblər.

1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. Təkcə mart-aprel ayında baş verən bu qırğınlar nəticəsində 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər. Təkcə Bakıda 12 min azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan edilib.

Məhz Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi həqiqətlərimizin təbliğində dönüş nöqtəsi oldu. Bu strateji addım dünyaya ədalət və beynəlxalq hüquq məfhumlarını xatırlatmaqla yanaşı, saxta erməni təbliğatının formalaşdırdığı yalan təsəvvürləri darmadağın etdi. Beləliklə, uzun illər "məzlum xalq" cildinə girmiş erməni millətçiliyinin əsl siması ifşa olundu. Dövlət başçısı İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamı bu istiqamətdə növbəti mühüm mərhələdir. Sərəncamda qeyd edildiyi kimi, üzə çıxmış yeni tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu elmi şəkildə sübut edir. Ermənilərin torpaq iddialarının 1988-ci ildə yenidən baş qaldırması bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, xalqımızın 30 ilə yaxın müddətdə dünyanın ikili standartlar siyasətinin əziyyətini çəkməsinə səbəb oldu. 
2020-ci ilin sentyabrın 27 –də başlayan və cəmi 44 gün davam edən  Vətən müharibəsindəki şanlı Qələbəmizlə ermnilərin «böyük Erməristan» arzularına ağır zərbə vuruldu. 30 illik işğal dövründə dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların onilliklər boyu edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi sayəsində reallaşdırdı. Bu möhtəşəm qələbə ilə illərdir kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələri döyüş meydanında icra olundu, tarixi ədalət bərpa edildi. Haqqın və ədalətin zəfər çaldığı bu savaş Azərbaycanın hər bir şəhidinin, o cümlədən 1918-ci il mart soyqırımı qurbanlarının da ruhunu şad etdi. Dövlət başçımızın bəyan etdiyi kimi, biz bütün şəhidlərimizin qisasını düşməndən məhz döyüş meydanında, mərdi-mərdanə aldıq.

Hazırda müasir və müstəqil Azərbaycan özünə qarşı yönələn hər hansı aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir. Xalq-Prezident-Ordu birliyinin yaratdığı bu yeni reallıq regionda davamlı sülhün və milli təhlükəsizliyimizin ən böyük təminatıdır.

Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, o cümlədən 31 Mart soyqırım qurbanlarının qisasını aldı.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri

Избранный
13
9
ikisahil.az

10Источники