RU

Universitetlərin bölgələrə köçürülməsi:Təhsil proqramlarında hansı dəyişikliklər gözlənilir?

Xəbər verdiyimiz kimi "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıda yerləşən universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi əksini tapacaq.

Bəs universitetlər köçürüldükdən, yeniləri açıldıqdan sonra ali təhsil müəssisələrinin təhsil proqramlarına hansı dəyişikliklər edilə bilər və ya edilməlidir?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasıdna qeyd etdi ki, həm universitetlərin köçürülməsi, həm də yəni təhsil proqramları ilə bağlı müəyyən işlər görülür:

"Təhsil proqramları ilə bağlı dünyanın təhsil sisteminin bütövlükdə dəyişməsinə ehtiyac var. Bugünkü təhsil daha çox nəzəriyyə üzərində qurulub. Hesab edirəm ki, bizə isə daha çox praktika üzərində qurulan təhsil lazımdır. Bu səbəbdən bu gün qarşıda duran ən vacib məsələlərdən biri bütövlükdə proqramların üzərində işlənməsi və yeni proqramların ərsəyə gətirilməsidir. Məncə, dünyada bununla bağlı çoxdan dəyişiklik olmalı idi".

Millət vəkilinin sözlərinə görə, davamlı olaraq proqramların üzərində işləmək lazımdır:

"Hazırda müəyyən işlər getməkdədir, amma hesab edirəm ki, bunlar yetərli deyil. Proqramlar daha çox praktika üzərində qurulmalıdır. Universitetlərin köçürülməsi həyata keçirilərkən təhsil proqramları məsələsinə ciddi şəkildə baxmalıyıq. Ümumiyyətlə, bugünkü proqramlarla real iş həyatı arasında ciddi fərqlər var. Bu fərqlərin aradan qaldırılması üçün də biz səy göstərməliyik, əks halda isə bu proses ümumi bizim əleyhimizə işləyəcək və biz müəyyən çətinlikləri yaşamış olacağıq. Bu prosesdə mütləq şəkildə işəgötürənlərlə universitetlər arasında əlaqələrin olması, münasibətlərin qurulması istiqamətində də biz ciddi formada səylər göstərməliyik və inanıram ki, bu addımlar atılacaq və biz dediyimiz məsələlər öz həllini tapacaq".

Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi isə qısa müddətdə mərkəzdə olan ali təhsil müəssisələrinin tamamilə regionlara köçürülə biləcəyini düşünmür:

"Yalnız Bakı Dövlət Universitetini saxlamaqla digərlərini daşımaq bir qədər uzunmüddətli prosesdir. Amma biz bunu tətbiq edəriksə, hansı müsbət dəyişikliklər ola bilər? Düşünürəm ki, tələbələrin təhsil və akademik göstəricilərində müsbətə doğru dinamikanı görəcəyik. Bu, köçürüləcək bölgənin iqtisadi inkişafına mühüm töhfə vermiş olacaq. Eyni zamanda, bu, regionların tanınmasına təkan verəcək. Bu dəyişiklikləri etdikdən sonra ali təhsil müəssisələrində də müvafiq olaraq təhsil proqramında dəyişiklik etməliyik. Bəzi ixtisaslarda tədris ili dörd il yox, üç ilə endirilməlidir. Konkret olaraq tələbəyə vacib olan bilikləri əks etdirən mövzular və eyni zamanda fənlər təqdim olunmalıdır. Paralelində tələbələrin rahat təcrübə keçmək imkanı yaradılmalıdır və bunun üçün də düşünürəm ki, universitetlərin kampus olaraq fəaliyyət göstərməsi daha məntiqli və məqsədəuyğundur. Konkret bir tələbə şəhərciyinin salınması və orada həm laboratoriya, həm kitabxana, həm tələbələrin müvafiq tədqiqat işlərini aparmaları üçün imkanların yaradılması, əyləncə mərkəzinin olması və sair kimi amillər məhz bu dediyim proseslərə aiddir və bunları biz tətbiq etməklə daha ixtisaslı kadrları əmək bazarına çıxara bilərik".

Mütəxəssis vurğuladı ki, ali təhsil müəssisələrinin şəhərdən çıxarılması nəqliyyat sıxlığına cüzi təsir göstərəcək:

"Nəzərə alsaq ki, bəzi ali təhsil müəssisələri konkret şəhər mərkəzindədir, - məsələn, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və yaxud Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və s. - bu universitetlərin çıxarılması sıxlığa az da olsa təsir edəcək. Amma ümumilikdə tələbələrin təhsil göstəricilərinin artması və daha çox sosial-iqtisadi və turizm istiqamətində inkişafa nail olmaq baxımından alınacaq qərar mühüm əhəmiyyət kəsb edir. Bunlar üçün qısa zaman yox, müəyyən bir müddət lazımdır. Ən azı həmin ərazilərdə universitetlərin tikintisi, eyni zamanda həmin universitetlərin daşınması ən azı 10-15 illik bir dövrü əhatə edə bilər. Bu da təxminən 2040-cı ilə qədər gedib çıxacaq".

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

2
Избранный
14
1
redaktor.az

2Источники