RU

Tatarıstanda yanğın nəticəsində xəsarət alanların sayı 50-yə çatıb YENİLƏNİB

Moskva, 31 mart, AZƏRTAC

Tatarıstanda “Nijnekamskneftxim” ASC müəssisəsində baş vermiş yanğın bir nəfərin həlak olmasına səbəb olub, xəsarət alanların sayı 50-yə çatıb.

Məlumata görə, xəsarət alanlar arasında azı iki yanğınsöndürən var. Yanğın 2 min kvadratmetrdən çox ərazini əhatə edib və ona maksimum mürəkkəblik dərəcəsi verilib. Müəssisə ərazisində yeni partlayışların səsləri gəlməkdə davam edir.

Faktla bağlı cinayət işi başlanıb. Hadisə yerində fövqəladə xidmətlər fəaliyyət göstərir, yanğının nəticələrinin aradan qaldırılması üzrə işlər aparılır.

16:56

Nijnekamsk şəhərində yerləşən “Nijnekamskneftxim” müəssisəsində baş vermiş partlayış və onun ardınca yaranmış yanğın nəticəsində 13 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zavod ərazisində yanğının söndürülməsinə yönəlmiş işlər davam edir, hadisə yerində operativ reaksiya xidmətləri fəaliyyət göstərir. İlkin məlumata əsasən, insidentə səbəb avadanlığın işindəki nasazlıq olub. Müəssisənin üzərində qatı tüstü dumanı müşahidə olunur, əməkdaşlar operativ şəkildə təxliyə edilib.

Hadisə ilə əlaqədar Nijnekamsk hava limanında hava gəmilərinin qəbulu və yola salınmasına məhdudiyyətlər tətbiq edilib. Akkreditə olunmuş laboratoriyaların mütəxəssisləri atmosfer havasının keyfiyyətinə nəzarət işi aparır. İlkin məlumatlara görə, şəhər sakinləri və ekoloji vəziyyət üçün təhlükə yoxdur.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Избранный
22
1
azertag.az

3Источники