Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 108 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakıda fəaliyyət göstərən antimilli qurum Bakı Sovetinin nəzarəti altında olan daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş soyqırım cinayətləridir. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi, yaşayış məntəqələri dağıdıldı, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edildi. Soyqırım cinayətləri bir qədər sonra Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də həyata keçirildi.
Bununla bağlı olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Hətta müstəqilliyimizin ilk illərində belə bu faciələr diqqətdən kənarda qalmışdır.
Yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı tariximizin qaranlıq səhifələrinə işıq salmaq imkanı qazandırmışdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında möhtəşəm tarixi xidmətlərindən biri də ötən iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmasına tarixi hüquqi qiymətin verilməsindən ibarət olmuşdur. Məhz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bəhs olunan bu fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir.
Bütün bunların qanunauyğun nəticəsidir ki, artıq bir çox ölkələrdə 31 mart hadisələri ilə bağlı müvafiq qətnamələr qəbul olunur. Azərbaycan dövləti bütün bu reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün sistemli fəaliyyət göstərir, ardıcıl və məqsədyönlü tədbirlər görür.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət daim müstəqilliyimizi möhkəmləndirir, ölkəmizin nüfuzunu artırır. Biz nə qədər çox güclü olacağıqsa, hamı bizimlə hesablaşacaq. Ona görə də, strateji xəttimiz güclü dövlət olmaqdan ibarətdir. Və bu yolu da gedirik. Nəticələr isə ortadadır. Yeri gəlmişkən onu da qeyd edim ki, Quba Soyqırımı Memorial Kompleksinin açılışı da bu baxımdan müstəsna əhəmiyyətə malikdir. 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüzkar siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalamışdır. Bundan sonra, 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak etdilər.
Bütün bunlar Möhtərəm Prezident İlham Əliyev cənablarının apardığı siyasətin uğurlu nəticələdir. Bu siyasət artıq yüksək tribunalardan eşidilir. Azərbaycan bir neçə il öncə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi, nüfuzlu Davos Forumunun üzvüdür. Eyni zamanda, dünyanın mötəbər beynəlxalq tədbirləri ölkəmizdə keçirilir. Bu artıq Azərbaycanın nəinki regionda, dünyada güclü dövlətlər sırasına çıxmasını şərtləndirir.
Möhtərəm Prezidentimizin başqalarından fərqli bir çox üstün keyfiyyətləri var. Siyasətdə sistemlidir, səbrlidir, soyuqqanlıdır, təmkinlidir və dəqiqdir. Onun nəyi nə zaman edəcəyini, sadəcə, Özü bilir. Zəfərlə başa çatan Vətən müharibəsində də bir daha sübut etdi ki, hər şeyi doğru zamanda, doğru edir.
İlham Əliyev milli məsələlərdə güzəştə getməyən Liderdir. O, hakimiyyətə gələndən böyük zəfər gününə qədər, 17 il ərzində usanmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.
İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini yerinə yetirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
Azərbaycan Prezidenti müharibəyə kimi ən geniş beynəlxalq arenalarda, ən yüksək kürsülərdən dəfələrlə bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək. Prezidentin 18 sentyabr 2006-cı ildə Antalyada keçirilən Türkdilli Dövlətlərin və Topluluqların 10-cu Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında qətiyyətlə dediyi “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikri Onun Qarabağ məsələsində nə qədər prinsipial, güzəştsiz olduğunun göstəricisidir. Bu prinsipiallığı Onun yalnız Ermənistana, hörümçək toru kimi dünyaya yayılmış erməni lobbisinə qarşı yox, həm də ikili standartlara, düşmənə himayədarlıq edən supergüclərə, dövlətlərə qarşı qətiyyətli mübarizəsi idi. Ona görə də 2016-cı ildə “Rossiya seqodnya” kanalına müsahibəsində qətiyyətlə bildirirdi: “Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir. Amma ağıllı kompromis mümkündür, Dağlıq Qarabağda əhalinin təhlükəsizliyinin, həyat fəaliyyətinin, özünüidarəsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. Dağlıq Qarabağın hüdudlarından kənardakı ərazilərin azad olunması şərti ilə iki xalq arasında qarşılıqlı yolla sülh, bax, biz münaqişənin həllini belə görürük. Bunlar hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə uzlaşır. Dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü ətrafında kompromis ola bilməz”.
İlham Əliyev var gücüylə məsələnin qansız, müharibəsiz həllinə çalışır, amma hər zaman müharibə yolunun da istisna olmadığını vurğulayırdı. O, tam əminliklə bildirirdi ki, istənilən yolla Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa ediləcək. Dedi və etdi!
Bütün diplomatik danışıqlarda İlham Əliyev dəfələrlə vurğulayırdı ki, əgər sülh danışıqları nəticə verməzsə, lazım gələrsə Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Bu səbəbdən də Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasına yüksəldi.
Bunun nəticəsidir ki, 27 sentyabr 2020-ci il Azərbaycan, region, hətta dünya üçün yeni tarixə çevrildi. 44 gün davam edən Vətən müharibəsi Ermənistanın məğlubiyyəti ilə başa çatdı. Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı. Bu, düşmənin kapitulyasiyası, məğlub tərəfin yalvarışı, aman diləməsi, Azərbaycanın və onun Liderinin isə qəti qələbəsi idi.
Dekabrın 10-da “Dəmir yumruq”-Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradı dosta qürur, düşmənə göz dağı oldu. 2023-cü il sentyabrın 19-da cəmi 23 saat 43 dəqiqə davam edən anti-terror əməliyyatlarının gedişində erməni separatçıları ağ bayraq qaldırıb təslim oldular. Bununla da, Qarabağda Azərbaycanın suveren hüquqları tam bərpa edildi. Bütün bunlar bu gün Azərbaycanın həm regional, həm də qlobal miqyasda gücünü, onun rəhbərinin fenomenal liderlik keyfiyyəıtlərini açıq-aydın göstərməkdədir.

Xəlilzadə Arzu Cahid qızı
Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının dosenti