Bakı, 31 mart, AZƏRTAC
Hörmüz boğazının bağlı qalmasının nəticəsində dünya bazarında neftin qiymətinin bahalaşması davam edir ki, bu da öz növbəsində istehlak mallarının bahalaşması və inflyasiya ilə müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, İranın inadkarlıqla boğazı bağlı saxlaması Avropa və Amerikada böyük narahatlığa səbəb olub.
Belə ki, yanacağın qiymətinin artması ABŞ-də insanların etirazına səbəb olub, Fransa və İtaliyada kütləvi aksiyalar keçirilir. Hazırda “Brent” markalı neftin 1 barelinin qiyməti 120 dolları keçib.
“Goldman Sachs” və “Barclays” kimi iri investisiya banklarının analitikləri hesab edirlər ki, neftin 1 barelinin qiymətinin 130 və 140 dollara çatması dünya iqtisadiyyatı üçün çox problemlər yaradır. Hazırda 120 dollara ətrafında satılan neftin nəqlindəki problem davam etsə iqtisadi proseslər daha da çətinləşəcək.
“Oxford Economics” təhlilçiləri bildiriblər ki, boğaz 3 həftə bağlı qalsa qiymətlər 140, hətta 200 dollara kimi arta bilər. Nəzərə çatdırılıb ki, 1973-cü ildə Ərəbistan neftinə tətbiq edilən sanksiyalar nəticəsində istehlak mallarının qiyməti 4 dəfə artdı. 1979-cu ildə isə İranda İslam İnqilabı baş verdi və İrana neftinə qarşı tətbiq edilən sanksiyalar nəticəsində istehlak mallarının qiyməti 150 faiz artdı. Təcrübə göstərir ki, dünya bazarına neftin nəql olunmasında problemlər meydana çıxan zaman yalnız neftin deyil, onun ardınca bütün malların qiyməti artır və inflyasiya baş verir.
Hazırda neftin qiymətinin sürətlə artmasının bir səbəbi Hormüz boğazının bağlı qalmasıdırsa, digər səbəbi Rusiyanın neft şirkətlərinə qarşı tətbiq edilən sanksiyalardır.