RU

Hörmüz boğazı “şişib” - əməliyyat qaçılmaz hala gəlir

ABŞ artıq Hörmüz boğazının təhlükəsizliyi məsələsində digər ölkələrə kömək göstərməyəcəyini açıqlayıb. Prezident Donald Tramp öz “Truth Social” səhifəsində yazıb ki, ölkələr ya ABŞ-dan yanacaq almalı, ya da özləri üçün mübarizə aparmağı öyrənməlidirlər.

Pentaqon rəhbəri Pit Heqset isə mətbuat konfransında bildirib ki, Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi təkcə ABŞ-nin vəzifəsi deyil və digər ölkələrin də bu prosesdə iştirak etməsi vacibdir.
Siyasi analitik Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Amerika Birləşmiş Ştatlarının Hörmüz boğazı ilə bağlı hazırda yaşadığı problem bir zamanlar İngiltərə və Fransanın, eləcə də Qərb dövlətlərinin Süveyş kanalı ilə bağlı yaşadığı problemə bənzəyir və bu oxşarlıq təsadüfi deyil. Çünki tarixdə böyük güclərin dar boğazlar və strateji keçid nöqtələri üzərində qarşıdurmaları hər zaman qlobal güc balansına ciddi təsir göstərib.

Bu gün isə oxşar mənzərə fərqli formada təkrarlanır. Eyni problemlə ABŞ də üzləşib və bu, sadəcə regional bir məsələ kimi deyil, daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir. Yəni Hörmüz boğazında vəziyyət artıq düyünlənib, müxtəlif maraqların toqquşduğu mürəkkəb bir nöqtəyə çevrilib, çıxılmaz hala girib. Burada həm enerji marşrutları, həm regional güclərin rəqabəti, həm də böyük dövlətlərin strateji maraqları üst-üstə düşür və bu da vəziyyəti daha da gərginləşdirir. ABŞ-nin bu vəziyyətdən hansı formada çıxacağı, hansı addımları həyata keçirəcəyi isə təkcə region üçün deyil, bütövlükdə beynəlxalq sistem üçün ciddi nəticələr doğura bilər”.

Siyasi şərhçiyə görə, bu, böyük bir savaşın başlanmasına gətirib çıxara bilər: “Söhbət qısamüddətli lokal toqquşmadan yox, ən azı 10 il davam edə biləcək, mərhələli şəkildə genişlənən və müxtəlif regionları əhatə edən uzunmüddətli qarşıdurmadan gedir. Belə bir münaqişə yalnız hərbi əməliyyatlarla məhdudlaşmaz, eyni zamanda iqtisadi sanksiyalar, enerji böhranları, logistika zəncirlərinin pozulması və informasiya müharibələri ilə müşayiət oluna bilər. Bu isə qlobal miqyasda sabitliyi ciddi şəkildə sarsıda bilər.

Ümumiyyətlə, Hörmüz boğazı ətrafında baş verən proseslər artıq tədricən yeni bir dünya düzəninin formalaşdığını göstərir. Bu proseslər sadəcə bir bölgədə baş verən hadisələr deyil, əksinə, beynəlxalq sistemin strukturunda dəyişikliklərin baş verdiyini göstərən əlamətlərdir.

Bu dünya düzəninin başında artıq bir qütb dayanmayacaq fikri getdikcə daha real görünür. Çünki həm iqtisadi, həm hərbi, həm də texnoloji baxımdan fərqli güclərin önə çıxması təkqütblü sistemin davamlılığını sual altına qoyur. Böyük ehtimalla bu proseslərin kulminasiya nöqtəsi hansısa böyük qarşıdurma ilə müşayiət oluna bilər və bu qarşıdurmadan sonra formalaşacaq sistem əvvəlkindən fərqli olacaq”.

Azər Hüseynova görə, nəticələrin nə olmasından asılı olmayaraq, belə bir ssenaridən sonra dünya artıq əvvəlki kimi idarə olunmayacaq: “Böyük ehtimalla ikiqütblü və ya çoxqütblü idarəçilik forması ortaya çıxacaq və bu model öz daxilində ciddi gərginliklər daşıyacaq. Belə bir şəraitdə dövlətlərin qarşılaşacağı əsas problem yalnız təhlükəsizlik deyil, həm də bu mürəkkəb sistemdə öz mövqelərini qoruyub saxlamaq və uyğunlaşmaq olacaq. Ona görə ABŞ-nin yerüstü əməliyyatı problemi tam həll edə biləcəyini düşünmürəm”.

Afaq Mirayiq,
Musavat.com

Избранный
83
1
musavat.com

10Источники