RU

Azərbaycan Ordusunda soyqırımı qurbanlarının xatirəsi anılıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərasimlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Tədbirlərdə qeyd olunub ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib.

Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunduğu diqqətə çatdırılıb.

Çıxışçılar ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı dəhşətlərinin dünyaya tanıdılması istiqamətində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar.

Anım tədbirlərində ədəbi-bədii kompozisiyalar təqdim olunub, fotosərgilər, sənədli filmlər nümayiş etdirilib, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub.

Hərbi qulluqçular soyqırımı qurbanlarının abidələrini, eləcə də torpaqlarımızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Избранный
3
3
azerbaijan-news.az

6Источники