RU

Tatarıstanda kimya zavodunda güclü partlayış Ölənlər və onlarla yaralı var

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiyanın Tatarıstan Respublikasında yerləşən Nijnekamskneftexim müəssisəsində baş verən güclü partlayış və yanğın insan tələfatına səbəb olub.

Rusiya mediasının, o cümlədən TASS agentliyinin operativ xidmətlərə istinadən yaydığı məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb. Lakin müəssisənin daxil olduğu SIBUR holdinqinin mətbuat xidməti iki nəfərin həyatını itirdiyini bildirib.

Hadisə zamanı ümumilikdə 70-dən çox şəxs xəsarət alıb. Onlardan 20 nəfəri xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, qəza sintetik kauçuk istehsalı sahəsində baş verib. Müəssisənin açıqlamasında qeyd olunur ki, avadanlığın hermetikliyinin pozulmasından sonra yaranan qaz qarışığının alışması partlayışa səbəb olub. Bu zaman işçilər təxliyə edilib, yanğın isə Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən lokallaşdırılıb.

Hadisə şahidləri partlayışın güclü olduğunu, ətraf binalarda pəncərələrin sındığını və havada kimyəvi qoxu hiss edildiyini bildiriblər. Bununla belə, rəsmi qurumlar əhali üçün təhlükə olmadığını açıqlayıb.

“SIBUR” şirkəti bildirib ki, ekoloqlar Nijnekamsk və ətraf ərazilərdə havanın keyfiyyətini yoxlayır. Şəhərin müxtəlif nöqtələrində, o cümlədən Vaxitov prospektində aparılan ölçmələrdə zərərli maddələrin normadan artıq olmadığı qeyd olunub.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Tatarıstan üzrə idarəsi cinayət işi açıb. İstintaq təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyi qaydalarının pozulması maddəsi üzrə aparılır.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
43
50
azpolitika.info

10Источники