
Argentina hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Argentina Prezidenti Xavyer Mileyin ofisi məlumat verib.
Sənəddə bildirilir ki, hökumət SEPAH-ın Terrorçuluq Fəaliyyəti və Maliyyələşdirməsi ilə Əlaqəli Fərdlər və Qurumların Dövlət Reyestrinə daxil edilməsini əmr edib. Bu qərar Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Kəşfiyyat Nazirliyi arasında koordinasiya əsasında qəbul edilib. Qərarın Argentina daxilində terror hücumları da daxil olmaqla, təşkilatın qanunsuz transmilli fəaliyyətlərini təsdiqləyən rəsmi məlumatlara əsaslandığı bildirilir.
Sənəddə qeyd olunur ki, SEPAH Argentinada iki terror hücumunda, o cümlədən 1992 və 1994-cü illərdə Buenos-Ayresdə baş verən partlayışlarda iştirakı edib.
Belə ki, 17 mart 1992-ci ildə kamikadze terrorçu partlayıcı maddələrlə dolu pikapı Buenos-Ayresdəki İsrail səfirliyinə sürüb. Partlayış nəticəsində İsrail diplomatik nümayəndəliyi, katolik kilsəsi və yaxınlıqdakı məktəb dağılıb. Hücum nəticəsində təxminən 300 nəfər yaralandı, dörd İsrail səfirliyi işçisi də daxil olmaqla daha 28 nəfər həlak olub. 18 iyul 1994-cü ildə Argentina Yəhudi Mədəniyyət Mərkəzinin yaxınlığında terror aktı baş verib və nəticədə 85 nəfər həlak oldu.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı (Aİ) da SEPAH-ı terrorçular siyahısına daxil etmişdi.