RU

Ombudsman Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının illik iclasında iştirak edib

BAKI, 1 aprel. TELEQRAF

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) Cenevrə şəhərində keçirilən növbəti illik iclasında iştirak edib.

Bu barədə Teleqraf-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin, habelə beynəlxalq təşkilatların təmsilçilərinin və ekspertlərin də iştirak etdiyi tədbirdə Ombudsman çıxış edib, gündəliyə daxil olan məsələlər müzakirə olunub.

Müvəkkil illik iclas çərçivəsində Özbəkistan Ombudsmanının təşkilatçılığı ilə “Rəqəmsal məkanda insan hüquqlarının müdafiəsi: MİHT-lərin müsbət təcrübələri” mövzusunda keçirilmiş tematik sessiyada da çıxış edərək, müvafiq sahədə ölkəmizdə həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib.
Ombudsman Azərbaycanda rəqəmsal idarəetmə və süni intellekt sahəsində mühüm addımların atıldığını, ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb.

Səbinə Əliyeva Azərbaycan Ombudsmanının fəaliyyətində süni intellektin tətbiqi imkanlarının araşdırıldığını, süni intellektin məlumatların təhlili prosesində səmərəliliyinin artırılması üzrə faydalı ola biləcəyini qeyd edib.

Müvəkkil süni intellektin informasiyaya çatımlılığa təsirini nəzərə alaraq, informasiya əldə etmək hüququnun təmin olunmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, ölkəmizdə Ombudsmanın informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirdiyini, bu sahədə şikayətlərin araşdırıldığını və Ombudsmanın protokol tərtib etmək səlahiyyətinin olduğunu qeyd edib.
Ombudsman Səbinə Əliyeva, həmçinin GANHRI-nin illik iclası çərçivəsində keçirilmiş “Müsbət təcrübələr mübadiləsi: köç vəziyyətində olan şəxslər” adlı tədbirdə çıxış edib, Azərbaycanın uzun illər münaqişədən əziyyət çəkdiyini bildirib. Müvəkkil hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli qayıdışının təmin olunması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü qeyd edib.

Müvəkkil qaçqınların, miqrantların, sığınacaq axtaran şəxslərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. O, Milli Preventiv Qrup tərəfindən və müstəqil monitorinq mexanizmlərinin fəaliyyəti çərçivəsində bu sahədə monitorinqlərin aparıldığını, müvəqqəti yerləşdirmə mərkəzlərinə başçəkmələrin həyata keçirildiyini, saxlanılan şəxslərlə görüşlər keçirərək onların hüquqlarının təmin olunması vəziyyətinin araşdırıldığını bildirib.

Избранный
5
4
teleqraf.com

5Источники