RU

Rəqəmsal şəbəkələrin fasiləsizliyi şəhər infrastrukturunun dayanıqlığı üçün əsas şərtdir – ŞƏRH

Bakı, 1 aprel, AZƏRTAC

Son günlərin təcrübəsi göstərdi ki, intensiv yağıntılar zamanı internetin kəsilməsi çox vaxt optik kabellərin fiziki zədələnməsindən yox, “enerji asılılığı zənciri”ndəki qırılmalardan qaynaqlanır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri ekspert Elvin Abbasov deyib.

“İnternet provayderlərinin binalardakı paylayıcı avadanlıqları (switçlər) birbaşa elektrik şəbəkəsinə bağlı olduğu üçün, gərginlik itən kimi internet trafiki də avtomatik dayanır. Bu texniki asılılıq sübut edir ki, ən müasir FTTH (evə qədər optika) sistemi binalarda ehtiyat enerji mənbəyi (UPS və ya batareya modulları) yoxdursa, adi bir leysan qarşısında aciz qala bilir. Müşahidələr göstərir ki, magistral xətlər dözümlü olsa da, məhz binalara girən “son mil” (last mile) həlqələri iqlim təsirlərinə qarşı ən zəif bənddir”, - deyə ekspert bildirib.

Elvin Abbasovun sözlərinə görə, digər tərəfdən, güclü yağışlar yeraltı kabel kollektorlarını su ilə doldurur və köhnə infrastrukturdakı izolyasiya boşluqlarını üzə çıxarır. “Su sızması nəticəsində siqnalın zəifləməsi (atenuasiya) və paket itkiləri yaranır ki, bu da həm şəbəkənin stabilliyinə, həm də məlumat ötürülmə sürətinə birbaşa mane olur. Çıxış yolu kimi provayderlər öz aktiv avadanlıqlarını alternativ qidalanma sistemləri ilə təmin etməli, yeraltı kommunikasiyaların hermetikliyini artırmalıdırlar. Müasir şəhər texnologiyaları təkcə xidmət rahatlığı üçün deyil, həm də belə təbiət hadisələrinə qarşı infrastrukturun dözümlülüyünü (resilience) təmin etmək üçün qurulmalıdır”, - deyə ekspert vurğulayıb.

Müxbir – Pərvanə Qafarova

Избранный
61
azertag.az

1Источники