Hazırda baş nazirə qarşı ən böyük narazılıq Qarabağın itirilməsi və konstitusiya dəyişikliyi planları ilə bağlıdır. Xüsusilə konstitusiyadan Qarabağa dair bəndlərin çıxarılması cəhdi və kilsə ilə yaşanan açıq qarşıdurma cəmiyyətdəki etiraz dalğasını daha da alovlandırıb. Reallıqdan uzaqlaşan reytinqlərini bərpa etmək üçün xalq arasına çıxan Paşinyanın vətəndaşlarla təmasları isə tez-tez qalmaqallı insidentlərlə nəticələnir.
Xarici siyasətdə isə rəsmi İrəvan balans axtarışını davam etdirir.
Paşinyan Avropa platformalarında Rusiyanı "təhdid" adlandırsa da, Moskvada tərəfdaşlıq masasına oturmağa hazırlaşır. Eyni zamanda, NATO və Avropa İttifaqının Ermənistandakı seçki prosesinə "müdaxilənin qarşısını almaq" bəhanəsi ilə xüsusi missiyalar göndərmək təşəbbüsü, ölkənin suverenliyinə xarici təzyiq kimi qiymətləndirilir. Bu mürəkkəb siyasi mənzərə fonunda Paşinyanın Moskva danışıqlarının onun siyasi gələcəyi üçün həlledici olacağı gözlənilir.