RU

Milli Məclisdə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq görüş keçirilib

Martın 30-da deputat Pərvanə Vəliyevanın təşəbbüsü və parlamentarilərin vərəmlə mübarizə üzrə Qlobal Koalisiyası ilə birgə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş “Öhdəlikdən Fəaliyyətə: Vərəmin aradan qaldırılmasına parlamentlərin rolu” mövzusunda görüş keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən olan parlament üzvləri bir araya gələrək, vərəmlə mübarizə sahəsində cavab tədbirlərinin gücləndirilməsində qanunvericilərin mühüm rolunu müzakirə ediblər.

Görüşü giriş nitqi ilə açan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, həmçinin Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə Parlamentarilərin Vərəm əleyhinə Qlobal Koalisiyasının (Global TB Caucus) həmsədri Pərvanə Vəliyeva Azərbaycanda vərəmlə mübarizə istiqamətində son illərdə mühüm irəliləyişlərin əldə olunduğunu bildirib.

Deputat qeyd edib ki, ölkədə ümumi xəstələnmə göstəricisi davamlı olaraq azalır və bu tendensiya həyata keçirilən ictimai səhiyyə tədbirlərinin, eləcə də hədəfli müdaxilələrin effektivliyini əks etdirir. Onun sözlərinə görə, yeni diaqnoz qoyulan vərəm hallarının sayında da oxşar azalma müşahidə olunur ki, bu da erkən aşkarlama, profilaktika və müalicə strategiyalarında əldə olunan uğurların göstəricisidir.

Tədbir çərçivəsində ABŞ-ın Çikaqo Hüquq Məktəbinin insan hüquqları üzrə eksperti, professor Brayan Sitro Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində vərəm qanunvericiliyi ilə bağlı apardığı tədqiqatın nəticələrini təqdim edib. O, layihə çərçivəsində hazırlanmış tövsiyələrin milli qanunvericiliyin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İndoneziya, Esvatini və Azərbaycandan olan parlament nümayəndələri çıxış edərək, milli prioritetlər və vərəmlə mübarizəni sürətləndirməyə yönəlmiş qanunvericilik təşəbbüsləri barədə məlumat veriblər.

Görüşün sonunda iştirakçılar bu sahədə növbəti addımları özündə əks etdirən tədbirlər planını qəbul ediblər.

Fatimə Nəbiyeva

Избранный
1
3
qht.az

6Источники