RU

Dünyanı stressdə saxlayan SAVAŞ – Zaman KİMƏ işləyir?

İran prezidenti Məsud Pezeşkianla SEPAH komandiri Əhməd Vəhidi arasında ciddi fikir ayrılıqları yaranıb.

Bu barədə “Iran International” nəşri özünün vəziyyətlə tanış olan mənbələrə istinadla yazıb.

Anonimlik şərti ilə danışan mənbələr bildirib ki, Pezeşkian SEPAH-ın gərginliyi artırmaq və qonşu ölkələrə hücumları davam etdirmək yanaşmasını tənqid edib və bunun ağır iqtisadi nəticələri barədə xəbərdarlıq edib. Mənbələrə görə, Pezeşkian vurğulayıb ki, müharibə dayandırılmasa, İran iqtisadiyyatı üç həftə və ya bir ay ərzində çöküşlə üzləşə bilər.

Bəzi analitiklərə görə isə genişmiqyaslı hərbi əməliyyatların bir ayının tamamında İran artıq özünün iqtisadi və hərbi imkanlarının son həddinə yaxınlaşıb. O cümlədən neft ixracı gündə 2 milyon barel olan pik həddən 1,2 milyon barelə düşüb ki, bu da büdcə gəlirlərinə ciddi təsir edir. Aylıq gəlir 3 milyard dollardan kritik 2 milyard dollara səviyyəsinə enib.

Bəs zaman kimə, hansı tərəfə işləyir? Bir ayın iqtisadi və hərbi-siyasi kontekstdə ən mühüm yekunu nədir?

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, İrana qarşı müharibə və bundan qaynaqlanan Yaxın Şərqdə davam edən hərbi gərginliyin birinci ayı artıq həm iqtisadi, həm də hərbi-siyasi baxımdan mühüm nəticələr ortaya çıxarıb:

“Xüsusilə İran daxilində müşahidə olunan fikir ayrılıqları və iqtisadi göstəricilərdəki geriləmə prosesin hansı istiqamətdə inkişaf etdiyini aydın şəkildə göstərir. Bir aylıq müharibə fonunda iqtisadi göstəricilər də bu narahatlıqları təsdiqləyir. İranın gündəlik neft ixracının 2 milyon bareldən 1,2 milyon barelə qədər azalması və aylıq gəlirlərin 3 milyard dollardan 2 milyard dollar səviyyəsinə enməsi ölkənin büdcə dayanıqlığına ciddi zərbə vurur. Sanksiyalar, logistika problemləri və hərbi risklər enerji ixracını daha da çətinləşdirərək iqtisadi təzyiqi artırır.

Hərbi baxımdan isə İran hələ də müqavimət imkanlarını qorusa da, artıq ilkin mərhələdəki maksimal güc səviyyəsini geridə qoyduğu görünür. Raket ehtiyatlarının tədricən azalması, hərbi infrastrukturun zərbələrə məruz qalması və hava üstünlüyünün olmaması uzunmüddətli qarşıdurmada Tehran üçün əlavə çətinliklər yaradır”.

Ekspertə görə, digər tərəfdən, ABŞ və İsrailin əsaslandığı strategiya daha çox uzunmüddətli təzyiq üzərində qurulub:

“Hava hücumları, iqtisadi sıxışdırma və daxili zəif nöqtələrin dərinləşdirilməsi bu yanaşmanın əsas elementləridir. Bu baxımdan mövcud dinamika zaman faktorunun daha çox qarşı tərəfin xeyrinə işlədiyini göstərir. Birinci ayın yekunu olaraq demək olar ki, İran iqtisadi baxımdan zəifləmə mərhələsinə daxil olub, daxili siyasi fikir ayrılıqları daha açıq şəkildə üzə çıxıb və hərbi baxımdan tükənmə riski artmaqdadır. Qarşı tərəf isə strateji təşəbbüsü qoruyaraq təzyiqi mərhələli şəkildə davam etdirir. Nəticə etibarilə, qısamüddətli dövrdə müəyyən balans müşahidə olunsa da, orta müddətli perspektivdə zaman faktorunun daha çox ABŞ-İsrail blokunun xeyrinə işlədiyi qənaəti formalaşır. Bununla belə, münaqişənin genişlənməsi, xüsusilə quru əməliyyatlarının başlaması və ya regionda yeni cəbhələrin açılması baş verərsə, vəziyyət dəyişə bilər”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
14
1
musavat.com

2Источники