RU

“Unilever” və “McCormick” $65 mlrd. dəyərində qida nəhəngi yaradacaqlar

ABŞ-nin sous və ədviyyə istehsalçısı “McCormick” şirkəti “Unilever”in qida bölməsini satın aldığını açıqlayıb. Sövdələşmə çərçivəsində “Unilever Foods”un dəyəri 45 milyard dollar qiymətləndirilib, birləşmiş strukturun ümumi dəyəri isə 65 milyard dolları keçəcək.

Razılaşmanın şərtlərinə görə, birləşmiş şirkətdə “Unilever”in səhmdarları 55,1%, “McCormick”in səhmdarları 35%, “Unilever” isə 9,9% paya sahib olacaq. Sövdələşmənin müvafiq tənzimləyici qurumların təsdiqindən sonra 2027-ci ilin ortalarında başa çatdırılması gözlənilir.

Birləşmiş şirkətin beynəlxalq baş qərargahı Niderlandda yerləşəcək. Qida bölməsinin satışından sonra “Unilever”in 1930-cu ildə Niderlandın “Margarine Unie” və Böyük Britaniyanın “Lever Brothers” şirkətlərinin birləşməsi nəticəsində əldə etdiyi Niderland aktivləri qalmayacaq. Şirkət bundan sonra dəriyə və üzə qulluq məhsulları, eləcə də məişət kimyası istehsalına fokuslanacaq.

“Reuters” qeyd edir ki, sövdələşmə xəbərləri fonunda “Unilever” və “McCormick” səhmləri müvafiq olaraq 7% və 5% ucuzlaşıb. İnvestorları sövdələşmənin mürəkkəb strukturu, uzunmüddətli tamamlanma müddəti və mümkün antimonopoliya araşdırmaları narahat edir.

Избранный
5
banker.az

1Источники