RU

Tramp NATO-ya da barmaq silkələdi

ABŞ-NATO münasibətlərində yeni gərginlik ortaya çıxır. 

Belə ki, Prezident Donald Tramp NATO-nu “kağız pələng” adlandırıb və ABŞ-ni NATO-dan çıxara biləcəyini deyib: 

“Mən heç vaxt NATO-dan təsirlənməmişəm. Onların “kağız pələng” olduğunu həmişə bilirdim. Yeri gəlmişkən, Putin də bunu bilir”. Tramp NATO müttəfiqlərinin Hörmüz boğazının açılmasına yardım göstərməmələrinə inanmağın çətin olduğunu deyib. “Buna inanmaq çətindir. Mən çox təkid etmədim. 

Düşünürəm ki, bu avtomatik olaraq baş verməlidir. Biz Ukrayna da daxil olmaqla, bir çox məsələlərdə NATO-nun yanında idik. Ukrayna bizim problemimiz deyildi, amma həmişə NATO-ya dəstək göstərmişik. Onlar isə bizə kömək etmədilər”, - Tramp qeyd edib. 

ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, Vaşinqton NATO-dakı iştirakını yenidən nəzərdən keçirməlidir. O qeyd edib ki, İrandakı hərbi əməliyyat başa çatdıqdan sonra NATO üzvlüyünün məqsədəuyğunluğu yenidən nəzərdən keçirilməlidir: 

“NATO-nun məqsədi Avropanı müdafiə etmək üçün Avropada qoşunlarımızın olmasıdır. Amma onların köməyinə ehtiyac duyduğumuz zaman hava hücumları etmələrini istəmirik, hərbi bazalarından istifadə etməyimizə icazə vermələrini istədiyimiz zaman cavabları “yox” olur. O zaman bəs niyə NATO-dayıq? Bu, soruşulmalı olan sualdır”. 

Göründüyü kimi, ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubionun son açıqlamaları Vaşinqtonun Alyansdakı roluna yenidən baxa biləcəyi ehtimallarını gücləndirib. 

Rəsmi şəxslərin NATO-nun effektivliyi və ABŞ maraqlarına nə dərəcədə cavab verməsi ilə bağlı səsləndirdiyi fikirlər, təşkilatın mahiyyəti və Vaşinqton üçün strateji əhəmiyyəti məsələsini yenidən gündəmə gətirir. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi Aydın Tağıyev bildirib ki, ABŞ dövlət katibi Marko Rubionun NATO ilə bağlı son fikirləri artıq Vaşinqtonun alyansa münasibətdə mövqeyini açıq şəkildə ortaya qoyur. 

Onun sözlərinə görə, NATO hazırkı formada ABŞ maraqlarına tam cavab vermir və bu səbəbdən Vaşinqtonun təşkilatdakı iştirakını yenidən nəzərdən keçirməsi vacibdir: 

“Bildiyimiz kimi, NATO tarix boyu Avropanın müdafiəsi ilə yanaşı, ABŞ-nin milli təhlükəsizliyinə də xidmət edib. Alyans Vaşinqtona Avropada hərbi bazalar yerləşdirmək və öz maraqlarını qorumaq imkanı verib. 

Lakin son illərdə müttəfiqlərin qərarları, xüsusilə İrana qarşı əməliyyatlar zamanı hava məkanının istifadəsinə qoyulan məhdudiyyətlər ABŞ üçün ciddi suallar doğurur. 

Dövlət katibi Rubionun açıq şəkildə dediyi fikirlər göstərir ki, əgər NATO ABŞ-yə öz bazalarından istifadə imkanı vermirsə, bu, artıq birtərəfli münasibət deməkdir. Onun fikrincə, Alyans yalnız Avropanın müdafiəsi üçün deyil, eyni zamanda ABŞ maraqlarının təmin olunması üçün mövcud olmalıdır. 

Əks halda, ABŞ-nin NATO-dakı iştirakının dəyəri sual altına düşür. Hesab edirəm ki, bu gedişlə ABŞ gələcəkdə NATO-dan imtina edə bilər. Yeni bir düzəndə hansısa ittifaqın qurulub-qurulmayacağı isə hələlik sual altındadır”. 

Aydın Tağıyev qeyd edib ki, bu prosesin region üçün də mühüm siyasi nəticələri ola bilər: 

“Bu açıqlamalar ABŞ-nin NATO ilə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Vaşinqton alyansın gələcəkdə öz maraqlarına nə dərəcədə uyğun olub-olmadığını ciddi şəkildə dəyərləndirməlidir. 

Əgər NATO ABŞ-nin milli təhlükəsizliyinə real töhfə vermirsə, Vaşinqtonun Alyansdakı mövqeyi dəyişə bilər. Dövlət katibi Marko Rubionun səsləndirdiyi fikirlər ABŞ siyasətində NATO-ya münasibətdə daha sərt və birtərəfli yanaşmanın formalaşdığını göstərir. Bu isə həm alyansın gələcəyi, həm də ABŞ-nin qlobal təhlükəsizlik strategiyası baxımından ciddi nəticələr doğura bilər”. 

Избранный
31
1
cebheinfo.az

10Источники