İran müharibəsinin mümkün sonu qlobal iqtisadi və siyasi böhran yarada bilər.
Musavat.com xəbər verir ki, CNN-in analitik yazısında ABŞ prezidenti Donald Trampın İranla müharibədən çıxmağa hazırlaşdığı, lakin bunun nəticələrinin bütün dünya üçün ağır ola biləcəyi vurğulanır.
Yazının müəllifi Stiven Kollinson qeyd edir ki, Tramp artıq müttəfiqlərə açıq mesaj verir: ABŞ müharibəni dayandırsa belə, yaranacaq problemlərin yükü onların üzərinə düşəcək.
Donald Trampın “öz neftinizi özünüz əldə edin” ifadəsi və Hörmüz boğazında təhlükəsizliyin bərpasına zəmanət verə bilməyəcəklərini bildirməsi bu yanaşmanın göstəricisi kimi qiymətləndirilir.
Analizdə vurğulanır ki, əgər müharibə İranın Hörmüz boğazına nəzarəti ilə başa çatarsa, bu, Tehran üçün strateji qələbə, ABŞ üçün isə geosiyasi məğlubiyyət kimi qəbul oluna bilər. Bu halda İran həm də tanker daşımalarına rüsum tətbiq etməklə yeni gəlir mənbələri əldə edə bilər.
Müəllif qeyd edir ki, ABŞ administrasiyası artıq müharibəni “uğur” kimi təqdim etmək üçün ritorikanı dəyişməyə başlayıb. ABŞ müharibə naziri Pit Heqset belə iddia edib ki, Vaşinqton artıq “rejim dəyişikliyinə nail olub”, baxmayaraq ki, İranda hakimiyyət dəyişməyib.
CNN-in təhlilinə görə, Tramp üçün əsas dilemma müharibəni davam etdirmək və ya riskli nəticələr bahasına dayandırmaqdır. Hərbi yolla Hörmüz boğazını açmağa çalışmaq ABŞ üçün böyük itkilərlə nəticələnə və müharibəni daha da uzada bilər.
Ekspert Rozmari Kelanik bildirib ki, ABŞ dünyanın ən böyük neft istehsalçısı olsa belə, qlobal bazar səbəbindən qiymət artımından qaça bilməz:
“Bu, faktiki olaraq bütün dünya üçün iqtisadi zərbədir”.
Analitiklər xəbərdarlıq edir ki, enerji qiymətlərinin artması qlobal inflyasiyanı sürətləndirə və hətta dünya iqtisadiyyatını resessiyaya sürükləyə bilər.
Yazıda həmçinin qeyd olunur ki, bu vəziyyət transatlantik münasibətlərə də ciddi zərbə vurur. ABŞ dövlət katibi Marko Rubio Avropa müttəfiqlərinin mövqeyini “məyusedici” adlandıraraq Vaşinqtonun gələcək öhdəliklərini yenidən nəzərdən keçirə biləcəyinə işarə edib.
Avropa ölkələri isə müharibəyə qoşulmaq istəməsələr də, onun nəticələrindən qaça bilməyəcəklər. Artan enerji qiymətləri, inflyasiya və mümkün qaçqın axını artıq ciddi risk kimi qiymətləndirilir.
Almaniyanın müdafiə naziri Boris Pistorius bu vəziyyəti bu sözlərlə ifadə edib:
“Bu bizim müharibəmiz deyil”.
Buna baxmayaraq, CNN-in təhlilinə görə, Trampın qərarları təkcə ABŞ üçün deyil, dünyanın müxtəlif regionlarında milyonlarla insanın həyatına birbaşa təsir göstərir.
Musavat.com