RU

Böyük risk, böyük xərc: ABŞ-ın İran siyasəti Körfəzi hara aparır?

“ABŞ-ın İran əleyhinə hərbi siyasətinin maliyyə yükünü Fars körfəzi ölkələrinin üzərinə yönəltmə cəhdi təkcə hərbi və siyasi deyil, həm də strateji məsuliyyətin və geosiyasi riskin ixrac etməsi anlamına gəlir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, Vaşinqton Avropa İttifaqından sonra indi də Yaxın Şərq regionunda təhlükəsizlik arxitekturasını qorumaq adı altında əməliyyatların birbaşa maliyyə, logistika və müdafiə xərclərini Körfəz monarxiyalarına paylaşdırmağa çalışır:

“Son həftələrdə ABŞ-ın müharibə xərclərinin milyardlarla dollar həddinə çatması, eyni zamanda Körfəz müttəfiqlərinə yeni böyük silah paketlərinin sürətləndirilməsi onu göstərir ki, Vaşinqton bu qarşıdurmanı təkcə özü aparmaq deyil, onun iqtisadi yükünü də müttəfiq rejimlər arasında bölüşdürmək niyyətində qərarlıdır.

Bu isə mahiyyət etibarilə Ukranya və Aİ münasibətlərində olduğu kimi ABŞ-ın “təhlükəsizlik təminatı” modelindən daha çox, “təhlükəsizlik müqabilində maliyyə və siyasi öhdəlik” modelinə keçid etdiyini bir daha sübüt edir.Bu siyasətin Körfəz ölkələrinə ilk və ən birbaşa təsiri bu ölkələrin daxili iqtisadi prioritetlərinin dəyişməsinə səbəb olacaqdır.

Çünki ABŞ-ın İrana qarşı sərt xətti nə qədər uzanarsa, Saudiyyə Ərəbstanı, Birləşmiş Ərəb Əmirlikləri , Qatar, Kuveit və Bəhreyn kimi ölkələr bir o qədər çox vəsaiti qurudan müdafiə sistemlərinə, raketdən müdafiə sistemlərinə, enerji infrastrukturunun qorunmasına, dəniz təhlükəsizliyinə və fövqəladə logistik hazırlığa yönəltməli olacaqlar.

Bu isə neft gəlirlərinin yalnız inkişaf, diversifikasiya və sosial rifah layihələrinə deyil, yenidən hərbiləşmiş təhlükəsizlik gündəminə bağlanması deməkdir. Başqa sözlə, ABŞ-ın İran siyasəti Körfəz ölkələrinə büdcələrini sadəcə hərbiyə xərclənmək deyil, onların gələcək iqtisadi modelini təhlükəsizlik risklərinə girovuna çevirəcək”.

Politoloq bildirib ki, siyasi baxımdan isə bu yanaşma Körfəz ölkələrini son dərəcə həssas və paradoksal vəziyyətə salır:

“Bir tərəfdən, onlar ABŞ-ın təhlükəsizlik çətirindən tam imtina edə bilmirlər; digər tərəfdən isə, Vaşinqtonun İranla hesablaşmasının ön cəbhəsi və maliyyə sponsoru rolunu da daşımaq istəmirlər.

Məhz bu səbəbdən region dövlətlərinin əsas instinkti açıq müharibə tərəfdarı olmaq yox, ABŞ-la ittifaqı qorumaqla İranla tam toqquşmadan yayınmaq xəttidir.

Bu da onu göstərir ki, Vaşinqtonun bölgəyə təklif etdiyi model təhlükəsizlikdən çox, ondan daha çox asılılığa səbəb olacaq bir siyasətdir.

Bir sözlə Körfəz ölkələri ABŞ-dan qorunmaq üçün yenə ABŞ-a daha çox bağlanmağa məcbur edilir. Beləliklə, təhlükəsizlik əməkdaşlığı tədricən strateji tərəfdaşlıqdan geosiyasi öhdəliyə çevrilir.

Bu prosesin daha dərin geoiqtisadi nəticəsi isə odur ki, Körfəz ölkələri ABŞ-la təhlükəsizlik münasibətlərini artıq təkcə hərbi baxımdan deyil, maliyyə suverenliyi və strateji etibarlılıq prizmasından da yenidən qiymətləndirməyə başlayırlar.

Çünki əgər Vaşinqton regionu İranla qarşıdurmanın həm döyüş meydanı, həm də maliyyə bazası kimi istifadə edirsə, o zaman bu, uzun illər qurulmuş “ABŞ qoruyur, Körfəz maliyyələşdirir” modelinin legitimliyini itir.Bu fonda Çin, Asiya bazarları və alternativ strateji tərəfdaşlıqlar Körfəz üçün sadəcə iqtisadi seçim yox, həm də təhlükəsizlik asılılığını balanslaşdırmaq vasitəsi kimi görünməyə başlayır. Bu isə uzunmüddətli perspektivdə Vaşinqtonun öz təsir arxitekturasını da zəiflədə bilər.

ABŞ-ın İran əleyhinə hərbi xəttinin maliyyə yükünü Fars körfəzi ölkələrinin üzərinə ötürmək cəhdi qısa müddətdə Vaşinqton üçün əlverişli görünə bilər, lakin orta və uzun müddətdə bu siyasət regionda həm iqtisadi gərginlik, həm siyasi narazılıq, həm də strateji etimadsızlıq yaradır”.

Y. Hacıyeva qeyd edib ki, təklif olunan model Körfəz ölkələrinə təhlükəsizlik vəd etsə də, əslində onları daha böyük riskin, daha yüksək xərclərin və daha dərin geosiyasi asılılığın içinə çəkir:

“Başqa sözlə, ABŞ bu siyasətlə təkcə İranı zəiflətməyə çalışmır , eyni zamanda Körfəz ölkələrini də öz təhlükəsizlik arxitekturasının maliyyə dayağına və siyasi əlavəsinə çevirməyə cəhd göstərir. Bu isə ABŞ-ın Yaxın Şərq regionunu öz maraqları çərçivəsində yenidən rekostruksiya etməkdir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
15
editor.az

1Источники