Azərbaycanda aprelin 1-dən etibarən elektron siqaretlərlə bağlı yeni qərar qüvvəyə minib. Qanuna edilən dəyişikliklərə əsasən, bu məhsulların idxalı, satışı, saxlanılması və istifadəsi artıq qadağan olunur.
Bəs yeni qadağa necə tətbiq olunacaq və elektron siqaret istifadəçilərini hansı cərimələr gözləyir?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, qanunvericiliyə edilən dəyişikliklər elektron siqaretlərin hüquqi dövriyyədən faktiki çıxarılmasını hədəfləyir:
“Yeni qadağa təkcə ictimai sağlamlıq siyasətinin sərtləşdirilməsi deyil, həm də dövlətin tütün və nikotin tərkibli məhsullar üzərində nəzarət mexanizmlərini yenidən qurması deməkdir. Dəyişikliklərin mahiyyətinə görə, elektron siqaretlər artıq yalnız satış, idxal baxımından yox, eləcə də saxlanma və istifadə baxımından hüquqazidd sayılır. Bu, əvvəlki məhdudlaşdırıcı yanaşmadan fərqli olaraq tam qadağa modelinə keçidi göstərir. Qadağanın icrası bir neçə dövlət qurumunun paralel fəaliyyətini nəzərdə tutur. Daxili işlər orqanları və gömrük xidməti əsas icraedici qurumlar olacaq. Gömrükdə bu məhsulların ölkəyə gətirilməsi cəhdləri qarşısı alınmalı və müsadirə edilməlidir. Daxili bazarda isə dövriyyənin aşkarlanması üçün yoxlamalar aparılacaq”.
Hüquqşünas bildirib ki, burada inzibati məsuliyyət diferensial şəkildə tətbiq olunur:
“Belə ki, satış və idxalla məşğul olan şəxslər üçün daha ağır cərimələr nəzərdə tutulur. Bu, ictimai təhlükəlilik dərəcəsinə uyğun məsuliyyət prinsipinə əsaslanır. İstifadəçilər üçün məsuliyyət əsasən inzibati qaydada tənzimlənir. Elektron siqaretin istifadəsi hüquq pozuntusu sayıldığından cərimənin tətbiqi də mümkündür. Bəzi hallarda cihazın üzərində aşkar edilməsi də məsuliyyət yarada bilər. Qanunun tətbiqində sübutetmə məsələsi xüsusi əhəmiyyət daşıyır. Hüquq-mühafizə orqanları hər bir halda pozuntunun tərkibini düzgün müəyyən etməlidir. Məsələn, şəxsi istifadə ilə satış məqsədi arasında hüquqi fərq dəqiq ayırd edilməlidir. Əks halda, tətbiq olunan tədbirlərin qanuniliyi sual altına düşə və məhkəmə mübahisələrinə səbəb ola bilər”.