RU

Hamı bu azərbaycanlı qızı tanımalıdır: Dünyanın ən nüfuzlu universiteti onu seçdi - FOTOLAR

ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan Nübar Cəbrayıl dünyanın ən nüfuzlu ikinci ali təhsil ocaqlarından biri olan “Imperial College London”a qəbul olunub.

Musavat.com-un məlumatına görə, azərbaycanlı tələbə Ətraf Mühit İqtisadiyyatı və Siyasəti ixtisası üzrə təhsil almaq hüququ qazanıb.

Bakı Oksford Məktəbinin məzunu olan Nübar Cəbrayıl ADA Universitetini fərqlənmə diplomu ilə başa vurmaq üzrədir. O, təhsil dövründə Xarici İşlər Nazirliyi də daxil olmaqla bir neçə nüfuzlu qurumda yüksək səviyyəli təcrübə keçib, həmçinin ADA Universitetində fəaliyyət göstərib. Nübar eyni zamanda Fransada siyasi elmlər sahəsində təhsil alıb. Onun tədqiqat işi 2025-ci ildə İngiltərənin University College London universitetində keçirilən nüfuzlu konfransda təqdim olunub. Beş dil bilən Nübarın IELTS imtahan nəticəsi 9 üzərindən 8.5-dir.

Musavat.com Nübar Cəbrayıl ilə söhbətləşib və onun gələcək planlarını öyrənib.

O saytımıza açıqlamasında bildirib ki, ailənin yeganə övladıdır və valideynləri də ziyalıdır.

- Bakıda dünyaya gəlmişəm. Anam və atam həkimdir. Onlar təhsilə xüsusi önəm verirlər və deyirlər ki, daha çox oxu. Mən bu gün əldə etdiyim nailiyyətləri həm də onlara borcluyam.

- ADA Universitetində beynəlxalq münasibətlər ixtisasını seçməyinizə nə səbəb oldu?

- Beynəlxalq münasibətlərin çoxyönlü bir sahə olduğuna inanıram. Təkcə diplomatiya ilə bağlı deyil, həm də sosial elmlər və bir çox digər sosial-iqtisadi tədqiqat sahələri ilə bağlıdır. Orta məktəbdən bəri sosial tədqiqatlarla maraqlandığım üçün bu sahəni seçməyə qərar verdim.

tələbə


- Imperial College London kimi nüfuzlu bir universitetə qəbul almaq prosesiniz necə keçdi? Ən çətin mərhələ hansı oldu?

- Qərarı tez ala bilim deyə müraciət prosesinə çox erkən başladım. Bir həftə ərzində müraciət etdim və müsahibəyə çağırılanda təəccübləndim, çünki bu qədər tez olacağını gözləmirdim. Artıq xarici universitet ərizələrlə bağlı təcrübəm olduğundan, esse və sənədlərin doldurulması o qədər də çətin deyildi. Ərizənin ən çətin tərəfi tədqiqat sahəsini seçmək idi, çünki ixtisaslaşmaq üçün bir çox maraqlı ekoloji sahələr var idi. Ən çətin tərəfi isə müraciət edərkən xaricdə olmağım və valideynlərimin yanımda olmaması idi ki, onlar adətən mənim ən böyük motivasiyamdırlar.

- Ətraf mühit texnologiyaları proqramı daxilində məhz Ətraf Mühit İqtisadiyyatı və Siyasəti istiqamətini seçməyinizin səbəbi nədir?

- Ətraf Mühit Texnologiyaları proqramı iqtisadiyyat, mühəndislik, resursların idarə edilməsi və sosial elmlər kimi bir çox müxtəlif sahələrdə təcrübəsi olan insanlar üçün nəzərdə tutulub. 8 ixtisaslaşma var və mən öz bakalavr təcrübəmə və tədqiqat maraqlarıma ən uyğun olanı seçməyə qərar verdim.

- Bildiyimə görə, bu ixtisas Azərbaycanda geniş yayılmayıb.

- Bu ixtisas Azərbaycana hələ yeni gəlir. İngiltərədə isə bu proqram 1977-ci ildən bəri var. Bizim Xəzər dənizimiz, neftimiz var və ətraf mühitlə bağlı tədqiq olunmalı çox şey var. Ona görə də mən bu sahə ilə maraqlanmağa başladım. Həmin universitetdə 1 il təhsil alacağam. Mən ötən il də Fransada 6 ay təhsil aldım. Ailədən ayrı qalmaq bir az çətin oldu. Valideynlərim də mənim üçün darıxdılar. Ancaq onlar təhsil məsələlərinə önəm verdikləri üçün məni motivasiya etdilər.

- Xaricdə təhsil alan bir sıra gənclər sonradan elə həmin ölkədə qalıb işləyirlər. Bəs siz necə?

- Mən qətiyyən belə düşünmürəm. Mənim bu ixtisası seçməyimin əsas səbəbi Azərbaycana töhfə verməkdir. Ölkəmizdə bu proqramı daha da məşhurlaşdırmaq və bu sahəni güclü etməkdir. Ona görə də mütləq vətənə qayıtmaq fikrindəyəm.

tələbə


- Bakalavr və magistr təhsiliniz ayrı-ayrı istiqamətləri əhatə edir. Nə əcəb beynəlxalq münasibətlər üzrə davam etdirmək istəmədiniz?

- Mən düşünürəm ki, beynəlxalq münasibətlər multidisiplinardır. Bir neçə fərqli elm və ya ixtisas sahəsinin bilik və metodlarını birləşdirən yanaşmadır. Mən həmişə təbiət aləminə böyük maraq göstərmişəm və düşünürəm ki, ictimai elmlərlə təbiət elmləri daha tez-tez və daha səmərəli şəkildə kəsişməlidir. Çünki məncə, insanların həyatını yaxşılaşdırmağa yönəlmiş sosial və iqtisadi siyasətlər, onların yaşayış mühitini, yəni Yer kürəsini, yaxşılaşdırmağa xidmət edən sağlam və əsaslı siyasətlər olmadan natamam qalır. Ekoloji məsələlərin mahiyyət etibarilə iqtisadi xarakter daşıdığına və onların həllinin ətraf mühit sahəsində iqtisadi siyasət və tənzimləmə tələb etdiyinə inanıram. Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil aldığım və bu sahə siyasət formalaşdırılması ilə birbaşa əlaqəli olduğu üçün özümü xüsusilə ekoloji və ətraf mühit problemlərinə yönəlmiş iqtisadi siyasət formalaşdırılması sahəsində inkişaf etdirmək istədim.

- Bu uğurlara görə özünüzlə qürur duyursunuzmu?

- Düşünürəm ki, bundan daha da yaxşısı ola bilərdi. Əsas qayıdanda Azərbaycanın ətraf mühiti üçün edəcəklərimdir.

tələbə


Şahanə Rəhimli
Musavat.com

Избранный
16
musavat.com

1Источники