RU

Aprel döyüşləri 2020-ci ildə qazanılmış tarixi Zəfərin mühüm başlanğıcı idi ŞƏRH

Bakı, 1 aprel, AZƏRTAC

Aprel döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yer tutan, milli iradəmizin, ordumuzun gücünün və dövlətimizin qətiyyətli mövqeyinin parlaq təcəssümüdür. 2016-cı ilin aprelin 2–5-də baş verən bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin təxribatlarına sarsıdıcı cavab verdi, strateji əhəmiyyət daşıyan bir sıra mövqeləri, o cümlədən Lələtəpə yüksəkliyini nəzarətə götürdü. Müdafiə Nazirliyinin materiallarında da qeyd olunduğu kimi, Aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib, Talış ətrafındakı yüksəkliklər, Lələtəpə istiqaməti və digər mühüm mövqelərdə üstünlük təmin edilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

Deputatın sözlərinə görə, bu şanlı qələbə bir daha göstərdi ki, Azərbaycan heç zaman işğal faktı ilə barışmayıb və öz ərazi bütövlüyünün bərpası istiqamətində həm siyasi, həm də hərbi baxımdan qətiyyətli mövqe nümayiş etdirib. Aprel döyüşlərinin tarixi əhəmiyyəti yalnız hərbi müstəvidə ölçülmür. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində illərlə düşmən atəşi altında qalan Cocuq Mərcanlıya həyat qayıtdı. Bu, Aprel zəfərinin yalnız cəbhə xəttində deyil, insan talelərində, doğma torpağa dönüş arzusunda, milli ruhun dirçəlişində də nə qədər böyük rol oynadığını göstərdi. Bu mənada Aprel döyüşləri xalqımızın mənəvi yaddaşında təkcə hərbi uğur deyil, həm də qayıdışın, dirçəlişin və ədalətin təntənəsi kimi yaşayır.

Ülviyyə Həmzəyeva qeyd edib ki, bu döyüşlər həm də 2020-ci ildə qazanılmış tarixi Zəfərə aparan yolun mühüm başlanğıcı oldu. Müdafiə Nazirliyinin yayımlarında Aprel döyüşlərindəki qələbə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərin başlanğıcı kimi dəyərləndirilir. Məhz həmin günlərdə Azərbaycan əsgəri sübut etdi ki, torpaqlarımızın azadlığı uğrunda mübarizə həm xalqın iradəsinə, həm də güclü dövlətin sarsılmaz siyasətinə söykənir. Bu gün Aprel döyüşləri şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anmaq, qazilərimizin qəhrəmanlığını yüksək qiymətləndirmək və gənc nəsildə vətənpərvərlik ruhunu daha da möhkəmləndirmək üçün xüsusi əhəmiyyət daşıyır. Aprel döyüşləri tariximizin şərəfli səhifəsidir. Bu səhifə Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi və dövlətimizin qətiyyəti ilə yazılıb. Heç şübhəsiz, bu şanlı tarix milli yaddaşımızda daim yaşayacaq və gələcək nəsillərə qürur mənbəyi olacaq.

Избранный
24
3
azertag.az

4Источники